Dünyada ərzaq qiymətləri düşür – BMT əsas məhsullar üzrə məlumat yaydı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətlərinin İndeksi (Food Price Index – FFPI) 2025-ci ilin oktyabr ayında orta hesabla 126.4 bənd təşkil edib. Bu göstərici sentyabr ayı ilə müqayisədə 1.6% azalıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.4% azalma göstərib.

Bunun əsas səbəbləri taxıl, süd, şəkər və ət məhsulları üzrə qiymətin azalmasıdır.

Taxıl məhsullarının qiymət indeksi oktyabr ayında 103.6 bənd olub, sentyabr ayına nisbətən 1.3 bənd (1.3%) azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.9 bənd (9.5%) azalıb.

Taxıl məhsullarının qiymət indeksinin azalmanın səbəbləri:

– Cənub yarımkürəsində məhsul yığımının başlaması, şimal yarımkürəsində payızlıq buğda əkininin davam etməsi;

– artan rəqabət və bir sıra şimal yarımkürəsinin ixracatçı ölkələrində əsas məhsul yığımının başlaması fonunda düyü qiymətinin azalması;

– qarğıdalı, arpa və sorqo qiymətlərinin düşməsi.

Bitki yağlarının qiymət indeksi oktyabrda 169.4 bənd olub, sentyabr ayına nisbətən 1.5 bənd (0.9%) artıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.7 bənd (10.9%) artıb.

Bitki yağlarının qiymət indeksinin artmasının əsas səbəbləri:

– İndoneziyanın 2026-cı ildə biodizel qarışdırma mandatlarında planlaşdırılan artımı və Malayziyada yüksək ixracat fonunda palma yağı qiymətinin artması;

– Qara dəniz regionundan məhsul gecikmələri və məhdud tədarük fonunda günəbaxan yağı qiymətinin artması;

– Avropa, Braziliya və ABŞ-da yüksək tələbat fonunda raps və soya yağı qiymətlərinin artması.

Ət məhsullarının qiymət indeksi oktyabrda 125 bənd olub, sentyabr ayına nisbətən 2.5 bənd (2.0%) azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 bənd (4.8%) artıb.

Ət məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

– Ticarət məhdudiyyətləri fonunda quş əti qiymətinin azalması;

– Avstraliyada yüksək tədarük fonunda qoyun əti qiymətinin azalması;

– Çində olan aşağı idxal tələbi fonunda donuz əti qiymətinin azalması.

Süd məhsullarının qiymət indeksi oktyabrda 142.2 bənd təşkil edib, sentyabr ayına nisbətən 5 bənd (3.4%) azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 bənd (2.6%) artıb.

Süd məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

– Avropa İttifaqı və Yeni Zelandiyada yüksək təklif və Asiya və Yaxın Şərqdən idxal tələbinin azalması fonunda kərə yağı qiymətinin azalması;

– Avropa İttifaqında süd tədarükünün yüksək olması və ixrac tələbinin azalması fonunda pendir qiymətinin azalması;

– süd tozu qiymətinin azalması.

Şəkər məhsullarının qiymət indeksi oktyabrda 94.1 bənd olub, sentyabr ayına nisbətən 5.3 bənd (5.3%) azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.4 bənd (27.4%) azalıb.

Şəkər məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

– Beynəlxalq xam neft qiymətləri bioyanacaq sektorunun tələbinin azalması fonunda şəkər qiymətinin azalması;

– Hindistan və Tailandda əlverişli məhsul fonunda şəkər qiymətinin azalması.