Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində (DAMM) Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə DAMM-in Prezidenti Rasim Məmmədov çıxış edərək 2 fevral 1997-ci il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün elan olunmasını xüsusi vurğulayıb. O qeyd edib ki, bu tarixi fərman Azərbaycan gəncliyinə göstərilən yüksək etimadın və qayğının bariz nümunəsidir.
Rasim Məmmədov çıxışında bildirib ki, gənclər ölkəmizin və xalqımızın yetişdirdiyi ən böyük sərvətdir, gələcəyimizin əsas dayağıdır. Bu gün Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində öz təhsili, mədəniyyəti, davranışı və intellektual səviyyəsi ilə xalqımızı layiqincə təmsil edir.
Qeyd olunub ki, 28 yanvar tarixində “Azərbaycan Nəşriyyatında” DAMM-in son tədbiri keçirilib və bugünkü görüş də bu fəaliyyətin davamıdır. Tədbirdə mərkəzin işində uzun illər yaxından iştirak edən ziyalılar və ictimai xadimlər yer alıblar. 10 ildən artıqdır ki, dəyərli gəncimiz Altun Süleymanov istedadlı musiqiçi, beynəlxalq musabiqələrin laureatı, sonra Sənubər xanım DAMM-in Mətbuat xidmətinin Rəhbəri təşkilaımızda fəaliyyət göstərirlər. Tanınmış ziyalımız Bayram Mustafayev və bir çox digər dəyərli qonaqlar da tədbirdə iştirak ediblər.
Rasim Məmmədov xüsusi olaraq vurğulayıb ki, artıq bir ildən çoxdur DAMM-in vitse-prezidenti, kübarlığı və ziyalılığı ilə seçilən Afaq xanım mərkəzin fəaliyyətində yaxından iştirak edir və məhz bu tədbirin təşkilatçısıdır.
Çıxış zamanı Anar müəllim də xüsusi qeyd olunub. Bildirilib ki, o, zəngin həyat təcrübəsinə malikdir, vokal sahəsində böyük uğurlar qazanıb, dövlət qurumları tərəfindən mükafatlara layiq görülüb. Anar müəllim eyni zamanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır və bu tədbir çərçivəsində iştirakçıların huzurunda təltif olunacaq.
Tədbirdə BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Ayşə xanım da iştirak edib. Çıxışlarda qeyd olunub ki, həyat gəncləri daim seçim qarşısında qoyur və bu yolda düzgünlük, cəsarət, bilik və milli dəyərlərə sədaqət əsas meyarlar olmalıdır.
DAMM bu cür tədbirlərlə gənclərin cəmiyyət həyatında fəallığını artırmağı, onların milli-mənəvi dəyərlər ruhunda formalaşmasına töhfə verməyi əsas məqsəd hesab edir.





















