- Sakinlərin bu dərəcədə varlanaraq rifah içində yaşamasında bu dövlət tərəfindən insan hüquqlarının qorunması və qanunun aliliyinin təmin edilməsi, xüsusən də məhkəmə sisteminin müstəqil olması həlledici rol oynayır…
Monako Knyazlığı şəxsi sərvətinə görə dünyanın ən zəngin ölkəsi və planetin ən kiçik ölkələrindən biri olaraq qalır. Bu ölkənin hər beş sakindən ikisindən çoxu milyonçudur və sakinlərin əksəriyyəti şəxsi gəlir vergisi ödəmir.
Bu barədə “TSN”-in Böyük Britaniyanın “The Daily Mail” nəşrinə istinadla təqdim etdiyi məqaləyə əsasən yazır.
Monakonun ərazisi cəmi 2 kvadrat kilometrdir – Nyu-York şəhərindəki Mərkəzi Parkdan kiçikdir. Fransa ilə bir sərhədindən digərinə təxminən bir saata piyada gedə bilərsiniz. Ölçülərinə baxmayaraq, knyazlıq öz bayrağı, dövlət başçısı və Birləşmiş Millətlər Təşkilatında kürsüsü olan suveren bir dövlətdir.
Monakoda təxminən 39.000 nəfər əhali var və bu, onu dünyanın ən sıx məskunlaşmış ölkələrindən birinə çevirir. Bundan əlavə, sakinlərin 40%-dən çoxunun ən azı 1 milyon dollarlıq likvid investisiya aktivləri var. Bu göstərici Monakoya dünya şəhərləri və ölkələri arasında misilsiz bir yer verir.

Mütəxəssislər sərvətin bu cəmləşməsini əsasən ölkənin vergi siyasəti ilə əlaqələndirirlər. 1869-cu ildən bəri Monako sakinlərinin əksəriyyətinə şəxsi gəlir vergisi tətbiq etməyib. İstisna iki ölkə arasında ayrıca vergi müqaviləsi ilə əhatə olunan Fransa vətəndaşlarıdır.
Məhz bu şərtlərə görə knyazlıq onilliklərdir ki, dünyanın ən varlı şəxslərini cəlb edir. Eyni zamanda, onun məhdud ölçüsü daşınmaz əmlaka böyük tələbat yaradır və yerli ünvanı özü-özlüyündə dəyərli bir aktivə çevirir.
Analitiklər qeyd edirlər ki, minimal vergilərin, Kot-d’Azurda prestij məkanda yerləşmənin və kəskin mənzil çatışmazlığının birləşməsi Monakonun unikal qlobal sərvət mərkəzinə çevrilməsinə səbəb olub. Məhz buna görə də kiçik bir dövlət vergi modelinin və məhdud ərazinin dünyanın ən varlı icmalarından birini necə yarada biləcəyinin unikal nümunəsi olaraq qalır.

Onu da vurğulayaq ki, Monako vətəndaşlarının bu dərəcədə varlanaraq rifah içində yaşamasında bu kiçik dövlət tərəfindən insan hüquqlarının qorunması və qanunun aliliyinin təmin edilməsi, xüsusən də məhkəmə sisteminin müstəqil olması həlledici rol oynayır. Zəngin insanların öz kapitallarını Monakoya köçürmələrinin əsas səbəbi yalnız vergi dərəcələrinin sıfır olması deyil, həm də bu sərvətin qanunla tam qorunacağına olan mütləq güvəndir.
Hüquqi sistemin sərvət toplanmasına təsiri əsasən aşağıdakı hüquqi elementlərlə tənzimlənir:
Mülkiyyət toxunulmazlığı:
Monako krallığı fərdlərin mülkiyyət və aktivlərini dövlətin əsassız müdaxilələrindən və ya müsadirədən konstitusiya səviyyəsində qoruyur…
Şəxsi həyatın gizliliyi:
İnsan hüquqlarının mühüm tərkib hissəsi olan fərdi məlumatların və maliyyə gizliliyinin qorunması yüksək səviyyədə təmin edilir…
Müstəqil məhkəmə sistemi:
Kommersiya və mülki mübahisələr fransız hüquq sisteminə əsaslanan, şəffaf və siyasi təsirlərdən uzaq məhkəmələr tərəfindən həll olunur.
Beynəlxalq konvensiyalar:
Monako Avropa Şurasının üzvüdür və Avropa İnsan Hüquqları Konvensiyasını imzalaypb. Bu da hüquqi sistemə qlobal səviyyədə legitimlik qazandırır.




