“Ayın uzaq tərəfindən gətirilən torpaq Günəş sisteminin tarixini yenidən yazmağa səbəb ola bilər” – Araşdırma

Çinin “Çanye-6” missiyasının 2024-cü ildə Ayın Yerə görünməyən tərəfindən gətirdiyi torpaq nümunələri alimlərin Ayın və Yerin erkən tarixi ilə bağlı təsəvvürlərini dəyişə bilər. Uzun illər qəbul edilən “gec ağır bombardman” nəzəriyyəsi şübhə altına alınır.

Bu barədə “Science Advances” jurnalında dərc olunan araşdırmada deyilir.

“Böyük bombardman” nəzəriyyəsi sual altına düşür

Uzun müddət alimlər hesab edib ki, təxminən 3,9 milyard il əvvəl Günəş sisteminin daxili hissəsində böyük asteroid bombardmanı baş verib. Bu hadisə zamanı Ayın ən böyük kraterlərinin yarandığı, Yerin isə güclü kosmik zərbələrə məruz qaldığı düşünülüb.

Bu nəzəriyyənin əsasını 1960-1970-ci illərdə “Apollon” missiyaları və sovet “Luna” aparatları tərəfindən gətirilən Ay süxurları təşkil edib. Lakin həmin nümunələrin hamısı Ayın Yerə baxan tərəfindən götürülmüşdü və böyük ehtimalla sonrakı nəhəng zərbələrin təsirinə məruz qalmışdı. Alimlər hesab edirdilər ki, həmin süxurlar təxminən 3,9 milyard il əvvəl baş vermiş ümumi kosmik fəlakətin izlərini daşıyır.

Ayın uzaq tərəfindən gələn yeni süxurlar fərqli mənzərə göstərib

“Çanye-6” missiyasının gətirdiyi yeni nümunələr isə fərqli mənzərə göstərib. Tədqiqatçılar asteroid zərbələri nəticəsində ərimiş 28 kiçik süxur parçasını araşdırıb. Arqon üsulu ilə aparılan yaş təyini göstərib ki, bu süxurların yaşı çox geniş intervalda – 4,33 milyard ildən 1,13 milyard ilədək dəyişir.

Ən mühüm nəticə isə odur ki, alimlər 3,9 milyard il əvvəlki dövrə aid xüsusi “pik” aşkar etməyib. Bu isə Ayın qısa müddətli böyük fəlakət deyil, uzun zaman ərzində çoxsaylı asteroid zərbələrinə məruz qaldığını göstərir.

Yeni kəşf Yerin erkən tarixinə də təsir edə bilər

Yeni araşdırma Ayın uzaq tərəfinin öyrənilməsinin nə qədər vacib olduğunu göstərir. Bu bölgə Ayın görünən tərəfi kimi sonrakı böyük zərbələr nəticəsində “qarışdırılmayıb” və qədim hadisələrin izlərini daha yaxşı qoruyub saxlayıb. 

Nəticələr təsdiqlənərsə, alimlər təkcə Ayın deyil, bütün daxili Günəş sisteminin, o cümlədən Yerin erkən tarixini izah edən modellərə yenidən baxmalı olacaqlar. Bu dəyişiklik Yer üçün də mühüm əhəmiyyət daşıyır. Əgər 3,9 milyard il əvvəl vahid və qısa müddətli böyük asteroid bombardmanı olmayıbsa, erkən Yer də belə qlobal fəlakətlə üzləşməmiş ola bilər.

Bu isə planetdə həyatın yaranması üçün uyğun şəraitin nə vaxt formalaşdığı barədə yeni suallar yaradır. Bununla belə, alimlər qeyd edir ki, yekun nəticə çıxarmaq hələ tezdir. Araşdırma yalnız Ayın bir bölgəsindən gətirilmiş nümunələrə əsaslanır və bəzi süxurların mənşəyi ilə bağlı elmi müzakirələr davam edir.