ABŞ-nin raket ehtiyatlarının bərpası 5 il çəkə bilər

ABŞ Silahlı Qüvvələrinə İranla münaqişədən sonra raket ehtiyatlarını bərpa etmək üçün 5 ilə qədər vaxt lazım ola bilər.

Bu barədə CNN ekspertlərin qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Məlumata görə, döyüş əməliyyatları zamanı silah ehtiyatlarının əhəmiyyətli hissəsi istifadə olunub. Xüsusilə, ABŞ yüksəkdəqiqlikli raketlərin təxminən 45%-ni, “THAAD” sisteminin 50%-ni, “Patriot” komplekslərinin demək olar ki, yarısını sərf edib. “Tomahawk” və digər uzaqmənzilli sistemlərin ehtiyatı isə 20-30% azalıb.

Ekspertlərin sözlərinə görə, mövcud ehtiyatlar genişmiqyaslı münaqişə üçün, xüsusilə, Çin kimi güclü rəqiblə qarşıdurma halında kifayət etməyə bilər.

Qeyd olunur ki, istehsal müddətlərinin uzun olması səbəbindən arsenalın bərpası 3 ildən 5 ilə qədər davam edə bilər.

Bu fonda Estoniyanın müdafiə naziri Hanno Pevkur ABŞ-nin ölkəsinə silah tədarükünü müvəqqəti dayandırdığını bildirib. Onun sözlərinə görə, bu, xüsusilə, HIMARS sistemi üçün tələb olunan raketlərə və “Javelin” tank əleyhinə komplekslərinə aiddir.