
Süni intellekt texnologiyalarının sürətlə inkişafı və gündəlik informasiya istehlakında geniş yayılması Qərbin nüfuzlu media qurumlarını ciddi maliyyə təhlükəsi ilə üz-üzə qoyub. Əvvəllər oxucular eksklüziv xəbərlərə, analitik yazılara və araşdırmalara çıxış əldə etmək üçün nüfuzlu nəşrlərin ödənişli abunəliklərinə müraciət edirdilərsə, indi süni intellekt vasitəsilə həmin materialların məzmununu ödəniş etmədən öyrənə bilirlər.
Beləliklə, oxucuların ilkin xəbər mənbələrinə keçid etmək marağı azalır, media qurumları isə həm sayt trafikini, həm reklam gəlirlərini, həm də ödənişli abunəçilərini itirmək riski ilə qarşılaşırlar. Bu tendensiya ənənəvi medianın gələcək maliyyə dayanıqlılığı ilə bağlı ciddi suallar yaradır.
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev Sonxeber.az-a açıqlamasında bildirdi ki, öncəliklə qeyd edim ki, bu toxunduğunuz məsələ son dərəcə həssas məsələdir. Qlobal mediada artıq bununla bağlı müxtəlif müzakirələr və məhkəmə prosesləri, narazılıqlar, qarşıdurmalar hətta deyərdim baş verməkdədir. Mütləq bu məsələ həll olunmalıdır. Biz ya mediadakı ödənişli xəbərlərdən imtina edə bilməliyik, ya da süni intellektdən imtina edə bilməliyik. Süni intellekt həyatımıza yeni daxil olur. Təbii ki, çatışmazlıqlar var. Üstünlükləridə çoxdur.Və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həm texniki yönümlü, həm də etik kodekslər yönümlü işlər görülməkdədir. Yəqin ki, gələcəkdə də daha mütərəqqi layihələr həyata keçiriləcək. Düşünürəm ki, bu ödənişli xəbərlərin süni intellekt tərəfindən pulsuz açılması, məğzinin çatdırılması, informasiyanın ödənişsiz əldə olunması məsələsi süni intellekt provayderləri tərəfindən etik kodeks çərçivəsində nəzərdən keçirilməlidir.
Ayrıca, media resursları isə bu və bu kimi detalları nəzərə alaraq texniki imkanlarını gücləndirməlidirlər. Necə ki, məsələn, süni intellekt bu gün dövlət orqanlarına aid, yaxud da ki, fərdi informasiyalara dair məlumatları ələ keçirə bilmir, yaxud da ki, səthi şəkildə ələ keçirir. Yəni əsas məğzi, o informasiyaları əldə edə bilmir, media quruluşları da öz texniki imkanlarını gücləndirməli, yaxud da ki, bu detala uyğun şəkildə yeniləməlidirlər ki, onlar bu problemlə qarşılaşmasınlar. Hesab edirəm ki, burada media quruluşlarından daha öncə süni intellekt şirkətləri davranacaqlar və onlar etik kodeksləri və kommersiya məsələlərini əsas götürərək, ödənişli xəbərlərin ödəniş olmadan əldə edilməsinin qarşısını alacaqlar.


