İctimai nəzarət adı məsuliyyət tələb edir: Cəmiyyətə müraciət

           
           Son vaxtlar sosial şəbəkələrdə özlərini ictimai nəzarət təşkilatı kimi təqdim edən müxtəlif qurumların sayı durmadan artır. Məcazi mənada desək, “Açıq göz”, “Yeni baxış”, “Yeni görüş” və buna bənzər qəribə, bəzən də gülünc səslənən adlarla ortaya çıxan belə qurumlar sanki göbələk kimi çoxalır.
Təəssüf doğuran isə odur ki, bu sahədə lazımi təhsili, elmi potensialı, həyat təcrübəsi və geniş dünyagörüşü olmayan, ömrü boyu ölkə hüdudlarından kənara çıxmamış, nə dövlət, nə də qeyri-dövlət qurumlarının tədbirlərində iştirak etməmiş bəzi şəxslər birdən-birə özlərini ictimai nəzarət nümayəndələri kimi təqdim etməyə başlayıblar.
Onların bir qisminin zahiri görkəmi, geyim mədəniyyəti, saç düzümü, danışıq tərzi və davranış qaydaları belə, təmsil etdiklərini iddia etdikləri ictimai fəaliyyətin ciddiyyəti ilə uzlaşmır. Bəs bu şəxslərin hansı təcrübəsi, hansı ictimai nüfuzu, cəmiyyət qarşısında hansı xidmətləri var? Təmsil etdikləri qurumların dövlət qeydiyyatı və hüquqi statusu barədə ictimaiyyətə nə dərəcədə aydın məlumat verilir?
Prezidentin vaxtilə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlarından şəxsi məqsədlər üçün istifadə etmək yolverilməzdir. İctimai nəzarət adı altında insanların etimadını qazanmağa çalışaraq maddi maraqlar güdmək, əsassız vədlər vermək və özünü nüfuzlu şəxs kimi təqdim etmək cəmiyyətə xidmət deyil. Bəzilərinin sosial şəbəkələrdə davamlı paylaşımlar etməsinə baxmayaraq, həmin paylaşımlara münasibət bildirənlərin sayı cəmi beş-yeddi nəfər olur. Əlbəttə, nüfuz rəqəmlərlə deyil, görülən işlərlə ölçülür.
Bu günlərdə təşkilatımıza daxil olan müraciətlərdə xaricdə oturaraq Azərbaycan dövləti əleyhinə təhqiramiz çıxışlar edən bəzi şəxslərin sosial şəbəkə səhifələrində şərh yazan vətəndaşların hətta inzibati cəzalara məruz qaldığı iddia olunur. Belə məlumatlar hüquqi baxımdan araşdırılmalıdır. İnsanlar da kimlərin təsiri altına düşdüklərini, hansı məlumatlara inandıqlarını və nəyi dəstəklədiklərini düşünməlidirlər. Ailəsinin, yaxınlarının məsləhətlərinə məhəl qoymadan sosial şəbəkələrdəki təhqiramiz çağırışlara kor-koranə qoşulmaq, şərhlər yazmaq heç kimə fayda gətirməz. Belələri cəmiyyətə və dövlətə, ailələrinə yararsız, savadsız insanlardır.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin uzun illərə söykənən fəaliyyəti və ictimai mövqeyi bəllidir. Biz bu illər ərzində az çətinliklərlə, maneələrlə və haqsızlıqlarla qarşılaşmamışıq. 
Ramiz Mehdiyevlə bağlı son hadisələr, onun müxtəlif qurumlardakı əlaqələri barədə səslənən məlumatlar vaxtilə üzləşdiyimiz ədalətsizlikləri bir daha xatırladır. Hesab edirəm ki, həmin dövrdə bizə qarşı yol verilmiş haqsızlıqlar da obyektiv araşdırılmalıdır.
O çətin günlərdə təşkilatımızın bəzi üzvləri çəkindilər, susdular, hətta uzaqlaşdılar. Lakin mən, Rasim Məmmədov, bütün maneələrə baxmayaraq, nə fəaliyyətimi dayandırdım, nə də mövqeyimdən döndüm. Mübarizəmi davam etdirdim. Çünki mənim üçün dövlətə, xalqa və inandığım prinsiplərə sədaqət hər zaman şəxsi maraqlardan üstün olub.
Bizim ideyalarımız Azərbaycan dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək üzərində qurulub. Bu mövqeyimiz dünən də belə idi, bu gün də dəyişməyib.

Təşkilatımızın bütün üzvlərinə və ictimai fəal vətəndaşlara müraciət edirəm! 
Gəlin, daha diqqətli və prinsipial olaq. İctimai nəzarət adı altında ortaya çıxan qurumların fəaliyyətinə biganə qalmayaq, onların hüquqi statusunu və gördükləri işləri araşdıraq. İnsanları aldadan, ictimai etimaddan sui-istifadə edən şəxslərlə bağlı əsaslı faktlar olduqda aidiyyəti dövlət orqanlarına məlumat verək. Əsassız iddialara və saxta nüfuz yaratmaq cəhdlərinə aldanmayaq.
Unutmayaq ki, ictimai nəzarət şəxsi qazanc vasitəsi deyil, xalq qarşısında məsuliyyətdir. Dövlətə sədaqət isə yalnız sözlə deyil, çətin günlərdə nümayiş etdirilən mövqe və görülən əməllərlə sübut olunur!

Hörmətlə,
Rasim Məmmədov
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti
“Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri