Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? – ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Ailə qurduqdan sonra ər-arvadın birlikdə yaşadığı mənzilin yalnız tərəflərdən birinin adına rəsmiləşdirilməsi mülkiyyət hüquqları ilə bağlı bir sıra suallar yaradır. Bəzi hallarda ev nikahdan əvvəl əldə edilir, bəzi hallarda isə nikah dövründə alınsa da, yalnız ər və ya arvadın adına sənədləşdirilir. Belə vəziyyətlərdə digər tərəfin həmin mənzilə hüququnun olub-olmaması, boşanma zamanı evin necə bölüşdürüləcəyi və mülkiyyətçinin digər həyat yoldaşını evdən çıxarıb-çıxara bilməyəcəyi maraq doğurur.

Bəs ev yalnız bir tərəfin adına olsa belə, digər həyat yoldaşının həmin əmlak üzərində hüququ varmı?
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli Sonxeber.az-a açıqlamasında bildirdi ki, ilk növbədə qeyd etmək lazımdır ki, daşınmaz əmlakın yalnız ər və ya arvadın adına dövlət qeydiyyatına alınması digər həyat yoldaşının həmin əmlak üzərində mülkiyyət hüququnu avtomatik olaraq istisna etmir. Burada əsas hüquqi meyar mənzilin kimin adına rəsmiləşdirilməsi deyil, onun hansı dövrdə və hansı vəsait hesabına əldə edilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən, ər-arvadın əmlakının qanuni rejimi onların birgə mülkiyyəti rejimidir. Məcəllənin 32.1-ci maddəsi isə müəyyən edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak, bir qayda olaraq, onların ümumi birgə mülkiyyəti hesab olunur. Mühüm məqam ondan ibarətdir ki, ailənin ümumi əmlakının formalaşmasında iştirak etmək mütləq şəkildə pul qazanmaq və ya mənzilin alınmasına birbaşa maliyyə vəsaiti ödəmək demək deyil.

Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə məşğul olan, uşaqlara qulluq edən və ya digər üzrlü səbəblərdən müstəqil qazancı olmayan ər və ya arvad da ümumi əmlak üzərində bərabər hüquqa malikdir. Bu norma xüsusi əhəmiyyət daşıyır. Çünki ailədə tərəflərdən birinin işləməsi, digərinin isə uşaqların tərbiyəsi, ev təsərrüfatı və ailənin gündəlik qayğıları ilə məşğul olması həmin şəxsin ailənin iqtisadi həyatına verdiyi töhfəni hüquqi baxımdan əhəmiyyətsiz etmir. Qanun ailə münasibətlərində yalnız maddi gəliri deyil, ailənin rifahı naminə görülən digər işləri də nəzərə alır.

Digər tərəfdən, bütün hallarda mənzilin ər-arvadın ümumi mülkiyyəti hesab ediləcəyini söyləmək də düzgün olmazdı. Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olmazdan əvvəl şəxsin mülkiyyətində olan əmlak, habelə nikah dövründə ona hədiyyə edilmiş və ya vərəsəlik qaydasında keçmiş əmlak, bir qayda olaraq, həmin şəxsin ayrıca mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsi ilə bağlı mühüm hüquqi mövqe ifadə olunub. Həmin mövqeyə əsasən, mənzilin ər və ya arvaddan yalnız birinin adına özəlləşdirilməsi, özəlləşdirmə zamanı mənzildə yaşayan digər ailə üzvlərinin razılığının alınması faktı onların həmin mənzildə yaşamaq hüququndan imtina etməsi kimi qiymətləndirilə bilməz.

Bu isə o deməkdir ki, bəzi hallarda şəxsin mənzil üzərində mülkiyyət payı olmasa belə, qanunla qorunan istifadə hüququ mövcud ola bilər. Beləliklə, hər bir konkret vəziyyətdə əmlakın əldə edilmə üsulu, özəlləşdirmə sənədləri, ailə üzvlərinin razılığı və yaşayış hüququnun yaranma əsasları ayrıca araşdırılmalıdır. Mənzil üzərində ümumi birgə mülkiyyət hüququ mövcud olduqda, ər-arvadın həmin əmlakdan istifadə və onun barəsində sərəncam vermə hüquqları da qanunla tənzimlənir. Ailə Məcəlləsinin 33-cü maddəsi ümumi əmlak üzərində hüquqların qarşılıqlı razılıq əsasında həyata keçirilməsini nəzərdə tutur. Daşınmaz əmlakla bağlı qanunda müəyyən edilmiş hallarda digər həyat yoldaşının notariat qaydasında təsdiqlənmiş razılığı da tələb olunur.

Əmlakın bölünməsi məsələsinə gəldikdə isə, Ailə Məcəlləsinin 36 və 37-ci maddələri müvafiq hüquqi mexanizmləri müəyyən edir. Ümumi əmlak həm nikah dövründə, həm də nikah pozulduqdan sonra bölünə bilər. Ümumi qaydaya görə, ər-arvadın payları bərabər hesab olunur. Bununla belə, qanunda nəzərdə tutulan hallarda məhkəmə konkret vəziyyəti, yetkinlik yaşına çatmayan uşaqların və tərəflərdən birinin diqqətəlayiq mənafelərini nəzərə alaraq fərqli bölgü müəyyən edə bilər. Mənim qənaətimcə, bu məsələyə yalnız daşınmaz əmlakın kimin adına rəsmiləşdirilməsi prizmasından yanaşmaq hüquqi baxımdan düzgün deyil. Ailə nikah müddətində formalaşan ortaq iqtisadi və sosial birlikdir. Bu birliyin nəticəsində əldə edilmiş əmlakın hüquqi taleyi də ailə münasibətlərinin real məzmunu nəzərə alınmaqla müəyyən edilməlidir. Xüsusilə qadınların və ailədə gəlir əldə etməyən tərəfin hüquqlarının qorunması baxımından bu normaların əhəmiyyəti böyükdür. Çünki ailə daxilində əmək bölgüsü mövcud ola bilər, lakin bu bölgü tərəflərdən birinin hüquqlarının digərindən aşağı tutulmasına əsas verməməlidir.

Nəticə etibarilə, mənzilin yalnız bir həyat yoldaşının adına olması digərinin hüququnun olmadığı anlamına gəlmir. Əgər həmin mənzil rəsmi nikah dövründə ümumi vəsait hesabına əldə edilibsə, digər həyat yoldaşı da onun üzərində qanunla qorunan mülkiyyət hüququna malikdir. Lakin mənzilin nikahdan əvvəl əldə edilməsi, hədiyyə və ya miras yolu ilə keçməsi, özəlləşdirilməsi, yaxud nikah müqaviləsinin mövcudluğu hüquqi nəticəni dəyişə bilər. Ən vacib mesaj budur: çıxarışda adın olmaması hər zaman hüququn olmaması demək deyil. Eyni zamanda, bir evdə ər-arvad kimi yaşamaq da öz-özlüyündə mülkiyyət hüququ yaratmır. Hüquqi qiymətləndirmə əmlakın əldə edilmə tarixi, maliyyələşmə mənbəyi, sənədlər və konkret ailə münasibətləri əsasında aparılmalıdır. Hüququn mahiyyəti formal qeydiyyatdan daha genişdir və ailə münasibətlərində ədalətli hüquqi balansın qorunması məhz bu prinsiplə təmin olunur.