“Bu gün nadir toy mərasimi spirtli içkisiz keçirilir. Üstəlik, bəzən bəy və gəlin də içki qəbul etməkdə qonaqlardan geri qalmırlar…”
“Likurq daha sərt tədbirlərin görülməsini də təklif edirdi. Belə ki, onun fikrincə, reproduktiv yaşda olan bütün alkoqol aludəçiləri axtalanmalı idilər…”
“Müasir dövrdə Finlandiyada da buna bənzər dərəcədə sərt mövqe nümayiş etdirildiyi bildirilir: xroniki alkoqol asılılığından əziyyət çəkən şəxslər məhkəmə hökmü ilə axtalana bilərlər…”
““Platon “Qanunlar” əsərində yazırdı: “Sərxoş insan özünə hakim deyil və nəsil artırmaq üçün yararlı sayıla bilməz. Çünki onun bu vəziyyəti uşağın ruhunda və bədənində silinməz iz buraxır və…”
“Əlbəttə, bu məqaləni qatı alkoqol aludəçiləri oxumayacaqlar. Çünki onların, doğrudan da, nə öz sağlamlıqları, nə də uşaqlarının taleyi ilə bağlı narahatlıq keçirmədikləri düşünülə bilər. Lakin “az içən”, yaxud “yalnız həftəsonları içki qəbul edən” və gələcək övladları qarşısında məsuliyyətini dərk edə bilən valideynlər…”
“Əgər hər kəs Uca Allahın buyurduqlarına qulaq assaydı və alkoqolu birdəfəlik həyatından çıxarsaydı, görəsən, nə qədər faciənin qarşısını almaq mümkün olardı?..”
Son 30–40 ildə bütün dünyada olduğu kimi, özünü müsəlman ölkəsi hesab edən Azərbaycanda da spirtli içkilərin qəbulu, təəssüf ki, getdikcə adi həyat normasına çevrilib. Əvvəllər daha çox kişilərə xas olan bu vərdiş indi qadınlar, hətta gənc qızlar arasında da adi hal kimi qəbul edilməyə başlayıb. Üstəlik, söhbət yalnız gündəlik məişət həyatından getmir. Toylarda, ad günlərində, müxtəlif bayram və şənliklərdə, hətta ailə həyatının ilk gecəsi — toy gecəsi ərəfəsində belə, bəylə gəlinin birlikdə ən azı bir qədəh şampan şərabı içməsi bir növ “ənənə”yə, bəzən isə “müasirliy”in və “dəbdəbə”nin göstəricisinə çevrilib.
Halbuki məsələnin heç də yalnız dini qadağalar və ya mənəvi dəyərlərlə bağlı olmayan, son dərəcə ciddi tibbi tərəfi də var. Valideynlərin spirtli içki qəbul etdiyi vaxt baş verən mayalanma gələcək uşağın sağlamlığına necə təsir edə bilər? Bir qədəh şərab, bir qədəh şampan, yaxud başqa bir spirtli içki gələcək nəslin taleyində hansı izləri buraxa bilər? Ata və ananın alkoqol qəbul etməsi yalnız öz sağlamlıqlarınımı təhlükəyə atır, yoxsa hələ dünyaya gəlməmiş övladlarının da gələcəyini riskə məruz qoyur?
Alkoqolun insan sağlamlığına vurduğu zərər, xüsusilə də gələcək nəslin taleyinə təsiri əsrlər boyu müzakirə olunan məsələlərdən biridir. Qədim filosoflar, mütəfəkkirlər və alimlər hələ minilliklər əvvəl sərxoş vəziyyətdə övlad sahibi olmağın mümkün fəsadları barədə xəbərdarlıq ediblər…
Bəs ata və ananın alkoqol təsiri altında olduğu zaman baş verən mayalanma gələcək uşağın sağlamlığına necə təsir göstərə bilər? Bu təsirlər nə dərəcədə ciddi ola bilər?..

Moderator.az oxucularına “İslam-Today” nəşrindən tərcümə edərək təqdim etdiyimiz bu yazıda müəllif Fatimə Manzur alkoqolun kişi və qadın reproduktiv sağlamlığına, mayalanma prosesinə və gələcək nəslin inkişafına mümkün təsirlərindən bəhs edir.
“Həftəsonu uşaqları”, “Karnaval uşaqları”…
“Həftəsonu uşaqları”, “Karnaval uşaqları”, “Ad günü uşaqları”, “Maaş günü uşaqları”… Qədim zamanlardan valideynləri sərxoş vəziyyətdə olarkən mayalanmış uşaqları məhz belə adlandırırdılar. Onların müxtəlif qüsurlara və inkişaf xüsusiyyətlərinə malik olduğu, bir qayda olaraq, əqli və fiziki inkişaf baxımından yaşıdlarından geri qaldığı iddia edilirdi.
Bu uşaqlarda müşahidə olunan xəstəlik və inkişaf qüsurları yüzilliklər öncə diqqəti cəlb etmiş, qədim dövrlərdən başlayaraq alimlər, filosoflar və digər müdrik insanlar sərxoş vəziyyətdə övlad sahibi olmağın zərərləri barədə xəbərdarlıq etmişlər.
Hətta müəyyən dərəcədə sərxoşluğa prinsip etibarilə yol verən xalqlar — yunanlar, romalılar və babillilər belə, övlad sahibi olmağın planlaşdırıldığı hallarda spirtli içki qəbulunun yolverilməz olduğunu aydın şəkildə başa düşürdülər.
Belə ki, əfsanəvi Sparta qanunvericisi Likurq (e.ə. IX–VIII əsrlər) sağlam nikaha xüsusi əhəmiyyət verir və bu məsələni ayrıca vurğulayırdı. Onun fikrincə, “bəy gəlinin yanına sərxoş, özünü itirmiş və bihuş vəziyyətdə deyil, ayıq-sayıq, özünə hakim olan və həmişə olduğu kimi, ümumi süfrədə yemək yedikdən sonra gəlməlidir”.
Bundan başqa, Likurq daha sərt tədbirlərin görülməsini də təklif edirdi. Belə ki, onun fikrincə, reproduktiv yaşda olan bütün alkoqol aludəçiləri axtalanmalı idilər.
Yeri gəlmişkən, müasir dövrdə Finlandiyada da buna bənzər dərəcədə sərt mövqe nümayiş etdirildiyi bildirilir: xroniki alkoqol asılılığından əziyyət çəkən şəxslər məhkəmə hökmü ilə axtalana bilərlər…
Platon “Qanunlar” əsərində yazırdı: “Sərxoş insan özünə hakim deyil və nəsil artırmaq üçün yararlı sayıla bilməz. Çünki onun bu vəziyyəti uşağın ruhunda və bədənində silinməz iz buraxır və nəticədə uşaqlar hər cəhətdən qüsurlu doğula bilərlər”.
Hətta alkoqolu dərman vasitələrinin tərkibində kifayət qədər mülayim şəkildə qəbul edən Hippokrat belə, bu məsələdə ciddi xəbərdarlıq edirdi. O yazırdı: “Kişi mayalanmadan əvvəl sərxoş olmamağa çalışmalıdır. Əgər uşaq sərxoş valideynlər tərəfindən mayalandırılıbsa, onda həmin uşaqlarda epilepsiya, əqli gerilik və sinir-psixi pozuntular yarana bilər”.
Filosof Plutarxın isə hökumətdən alkoqol aludəçilərinin evlərinin üzərinə “Sərxoşlar sərxoş övladlar dünyaya gətirirlər” sözlərinin yazılmasına icazə aldığı bildirilir. Hətta elçilik edənlər belə evlərin qapısını döyməkdən çəkinirdilər.
Bir çox xalqların milli ənənələrində toy zamanı bəyin və gəlinin spirtli içki qəbul etməsi qəti şəkildə qadağan olunurdu. Bəzi xalqlarda bu qadağa hətta hələ ailə qurmamış gənc oğlan və qızlara da şamil edilirdi.
Demək olmaz ki, minilliklər ərzində formalaşmış bu təcrübə tamamilə yanlış olub. Lakin müasir insanlar həmin xəbərdarlıqlara açıq-aşkar məhəl qoymurlar və bunun nəticələrini də özləri ilə birlikdə gələcək nəsil çəkir.
Bu gün nadir toy mərasimi spirtli içkisiz keçirilir. Üstəlik, bəzən bəy və gəlin də içki qəbul etməkdə qonaqlardan geri qalmırlar…
Hətta hamiləliyin əvvəlcədən planlaşdırılmadığı hallarda belə, insanın nə vaxt mayalandığını dəqiq müəyyənləşdirmək demək olar ki, mümkün deyil. Bu, bəşəriyyətin hələ də tam aydınlaşdıra bilmədiyi məsələlərdən biridir.
Çox vaxt özünü “içki içməyən” hesab edən valideynlərin belə, Yeni il, ad günü və ya başqa bayram münasibətilə içdikləri bir qədəh şərab və yaxud şampan gözlənilməz hamiləlik dövrünə təsadüf edir. Hətta müəllifin diqqət çəkdiyi kimi, bu, Qurban bayramı kimi dini bayramlarda da baş verə bilər.
“Karnaval uşaqları” — bayramı qeyd edən, spirtli içkilərin təsiri altında olan valideynlərin həmin vaxt mayalandırdığı uşaqlardır.
Həkimlərin qəbulunda belə hallarla tez-tez rastlaşmaq mümkündür. İlk baxışdan nə var ki, bir qədəh şərab içilib, əvəzində isə illərlə davam edən ağrı və peşmançılıq yaşanır. Uşaqların, valideynlərin, ilk növbədə isə anaların həyatında ağır nəticələr meydana çıxır. Və bütün bunların fonunda bir sual səslənir: “Axı niyə?”..
Kişi üçün bir qədəh…

Bu gün, yəqin ki, hamıya məlumdur ki, kişi cinsiyyət hüceyrələrinin — spermatozoidlərin yetişməsi təxminən üç ay davam edir. Bütün bu müddət ərzində onlar müxtəlif təsirlərə, o cümlədən alkoqolun təsirinə qarşı kifayət qədər həssas olurlar…
Övlad sahibi olmağa hazırlaşan cütlüklərə məsləhət verən savadlı həkimlər təsdiq edirlər ki, kişi nəzərdə tutulan mayalanmadan ən azı üç ay əvvəl, hətta az miqdarda olsa belə, spirtli içki qəbulundan imtina etməlidir.
Məsələ ondadır ki, etil spirti, xüsusilə də onun orqanizmdə oksidləşməsi nəticəsində yaranan asetaldehid güclü teratogen amillər hesab olunur. Bu maddələr spermatozoidlərdə genetik pozuntuların artmasına səbəb olmaqla yanaşı, onların quruluşunu da dəyişdirir. Spermatozoidlərin xarici qişasının strukturu pozulur, nəticədə onlar digər mənfi amillərin təsirinə qarşı daha həssas olurlar. Hərəkət qabiliyyətləri zəifləyir, bəzən isə tamamilə hərəkətsiz vəziyyətə düşürlər. Bununla da yumurta hüceyrəsini fəal şəkildə axtarıb tapmaq imkanlarını itirirlər. Lakin bütün bu proseslər spermatozoidin tam formalaşma dövrü ərzində baş verir…
Bəs, mayalanmadan dərhal əvvəl cəmi bir dəfə qəbul edilən alkoqol hansı təhlükəni yarada bilər?..
Bu məsələ ilə bağlı kanadalı həkimlərin apardığı bir araşdırma mövcuddur. Məlum olub ki, alkoqol qana daxil olduqdan demək olar ki, dərhal sonra spermatozoidlərin həyat qabiliyyətini qoruyan toxum mayesinə də keçir. Alkoqol artıq formalaşmış spermatozoidlərə birbaşa ciddi təsir göstərməsə də, burada başqa bir təhlükə meydana çıxır. Belə ki, o, toxum mayesinin zülal tərkibinə təsir edir və bunun nəticəsində sağlam spermatozoidlərin hərəkət aktivliyi zəifləyir. Bu isə sağlam və qüsurlu spermatozoidlərin mayalanmada iştirak etmək şanslarını bərabərləşdirir. Halbuki müəllifin istinad etdiyi məlumatlara görə, hətta sağlam kişinin spermasında belə, spermatozoidlərin azı 25 faizi müəyyən qüsurlara malik olur. Müntəzəm olaraq spirtli içki qəbul edən kişilərdə isə bu göstərici daha yüksəkdir.
Beləliklə, müəllifin fikrincə, bu vəziyyətdə inkişaf qüsurları olan uşağın dünyaya gəlməsi ehtimalı xeyli artır.
Əgər bütün əlavə amilləri də nəzərə alsaq — məsələn, alkoqolun müntəzəm qəbulunun xayaların qan dövranına və sinir təchizatına təsirini, spermatozoidlərin yarandığı mühitdə alkoqolun parçalanma məhsullarının toplanmasını və digər halları — onda mənzərə daha da mürəkkəbləşir.
Müəllif hətta həyatında cəmi bir dəfə spirtli içki qəbul etmiş kişinin belə, zəif nəslin dünyaya gəlməsi baxımından risk altında olduğunu iddia edir…
Qadın üçün yarım qədəh…

Qadınlarla bağlı vəziyyət isə daha mürəkkəbdir. Qadının hər bir yumurta hüceyrəsinin ilkin forması hələ onun ana bətnində olduğu dövrdə yaranır. Lakin həmin hüceyrə yalnız müvafiq menstrual tsikl zamanı tam yetişərək inkişaf edir. Deməli, hamiləliyin planlaşdırıldığı hər bir menstrual tsikl ərzində alkoqol qəbulundan qəti şəkildə çəkinmək lazımdır.
Müəllifin fikrincə, alkoqol xromosomların ayrılması prosesini poza bilər ki, bu da uşaqlarda xromosom anomaliyalarının yaranması ilə nəticələnə bilər. Bundan başqa, genetik pozuntulara, yumurta hüceyrəsinin xarici qişasının zəifləməsinə səbəb ola bilər. Nəticədə həmin yumurta hüceyrəsi qüsurlu spermatozoid tərəfindən mayalandırıla bilər. Əksinə, alkoqol yumurta hüceyrəsinin mayalanmaya qarşı müqavimətini də artıra və bununla da sonsuzluğa səbəb ola bilər. Vaginal və ya uşaqlıq ifrazatına keçən alkoqol spermatozoidlərin hərəkətini ləngidə, hətta onları məhv edə bilər.
Alkoqolun parçalanması nəticəsində yaranan maddələr uşaqlığın daxili qişasına — embrionun yerləşməli olduğu endometriuma da nüfuz edə bilər. Halbuki mayalanmadan 6–7 gün sonra embrionun uşaqlıq divarına yapışması və inkişafını davam etdirməsi üçün məhz bu toxuma əlverişli şərait yaratmalıdır. Lakin alkoqolun təsiri ilə onun quruluşu dəyişərsə, endometrium öz funksiyasını yerinə yetirə bilməz və bu da erkən düşükə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, ananın hamiləlik dövründə spirtli içki qəbul etməsi nəticəsində uşaqda yaranan “fetal alkoqol sindromu” hazırda nəzərdən keçirdiyimiz məsələdən fərqlidir. Bu, ayrıca və heç də az əhəmiyyətli olmayan bir mövzudur.
Nənələr də məsuliyyətdən kənarda deyil…
İnsanın bütün orqanları, o cümlədən reproduktiv orqanları hələ ana bətnində olarkən formalaşmağa başlayır. Hamilə qadının müəyyən inkişaf mərhələsində bir neçə qədəh şərab içməsi, bəlkə də, uşaqda fetal alkoqol sindromunun yaranmasına səbəb olmaya bilər. Lakin bu, gələcəkdə ciddi fəsadların meydana çıxmayacağı anlamına gəlmir. Belə təsir hətta spermatozoidlərin əmələ gəldiyi toxumanın ilkin formalaşmasını zədələyə və nəticədə gələcəkdə kişi sonsuzluğuna gətirib çıxara bilər. Eyni zamanda, qız uşağının orqanizmində formalaşmağa başlayan yumurta hüceyrələrinə də zərər vura bilər.
Beləliklə, uşağımızın inkişafında meydana çıxan bir çox qüsurların və problemlərin səbəbkarı, bəlkə də, analarımızın hamiləlik dövründə özlərinə rəva gördükləri bir neçə qədəh spirtli içki ola bilər…
Elmi baxımdan…
Etil spirti — etanol, bir çox əsrlər əvvəl fermentasiya yolu ilə əldə edilmiş ən sadə üzvi birləşmələrdən biridir. O, ucuz başa gəlməsi və asan əldə olunması səbəbindən geniş yayılmışdır. İnsan orqanizminə daxil olduqdan sonra etanol sonda suya və karbon qazına qədər parçalanır. Lakin bu proses dərhal baş vermir. Ondan əvvəl bir neçə mərhələ keçir və məhz etanolun parçalanması zamanı yaranan aralıq maddələr insan sağlamlığı, o cümlədən reproduktiv sistem üçün daha təhlükəli ola bilər. Etanol və onun əsas, eyni zamanda ən təhlükəli metaboliti olan asetaldehid istisnasız olaraq bütün orqan və toxumalara təsir göstərir. Bu maddələr insanın reproduktiv sisteminə də mənfi təsir edir və həmin sistemin toxumalarında toplana bilir.
Lakin bununla yanaşı, dolayı təsirlər də mövcuddur. Etanol və asetaldehid sinir və hormonal tənzimləmə sistemlərinə də təsir göstərir. Bu sistemlər spermatozoidlərin, yumurta hüceyrələrinin, eləcə də reproduktiv orqanların digər strukturlarının formalaşmasını və fəaliyyətini idarə edir.
Müəyyən edilmişdir ki, müntəzəm olaraq spirtli içki qəbul edən kişilərdə kişi cinsi hormonu olan testosteronun istehsalı pozulur. Alkoqoldan sui-istifadə edən kişi bir neçə ildən sonra hormonal göstəricilər baxımından ciddi dəyişikliklərə məruz qala və onun orqanizminin hormonal xüsusiyyətləri qadın orqanizminə xas göstəricilərə yaxınlaşa bilər.
Əlbəttə, belə kişi də müstəsna hallarda uşaq sahibi ola bilər. Lakin müəllifin iddiasına görə, bu cür kişilərin dünyaya gətirdiyi uşaqların 99 faizində inkişaf qüsurları və ya xəstəliklər, o cümlədən əqli gerilik təhlükəsi mövcud olur.
Qadınlarda da eyni şəkildə hormonal və sinir tənzimlənməsi pozulur, menstrual tsiklin normal fəaliyyəti, yumurta hüceyrəsinin yetişməsi və yumurtalıqdan xaric olması prosesi zədələnir.
Alkoqolun təsirinin yumurta hüceyrəsini partenogenezə — yəni mayalanma baş vermədən inkişaf etməyə təhrik edə biləcəyinə dair məlumatların da olduğu qeyd edilir. Məsələn, bioloqlara məlumdur ki, etanol laboratoriya preparatlarının hazırlanmasında istifadə edilir, çünki hüceyrələri çox sürətlə məhv etmək qabiliyyətinə malikdir.
Lakin insanların əksəriyyəti bir məqam barədə düşünmür: uşaq da cəmi iki hüceyrənin birləşməsindən yaranır və həyatının ilk günündə o da, əslində, yalnız bir hüceyrədən və ya bir neçə hüceyrə qrupundan ibarət olur. Deməli, müəllifin qənaətinə görə, hətta bir dəfə qəbul edilən alkoqol belə, gələcək uşağı məhv edə və ya onun inkişafına sağalmaz zərər vura bilər.
Uca Allah insanlara onlar üçün zərərli olan hər şeyi qadağan edib. Alkoqol da insan üçün ən zərərli maddələrdən biridir.
Yetkin insan, nəhayət, öz sağlamlığı ilə bağlı qərar verməkdə azaddır: ilahi qanunlara, yoxsa öz nəfsinin istəklərinə uyğun yaşamaq onun seçimidir. Lakin uşağın belə bir seçim imkanı yoxdur. Uşağın əvəzinə bu seçimi onun valideynləri edir. Onlar toyda, bayramda və ya başqa bir məclisdə “spirtli içki olsun, ya olmasın” qərarını verirlər.
Bəs nəticədə nə baş verir?..
Bəli, bəzən “bəxt gətirir” və erkən düşük baş verir. Çünki inkişaf pozuntuları o qədər ağır olur ki, embrionun yaşamaq qabiliyyəti qalmır. Əlbəttə, bir çoxları etiraz edə bilər: “Biz spirtli içki qəbul etmişik, həm də hamiləlikdən əvvəl və hamiləlik dövründə içmişik, amma uşaqlarımız tamamilə sağlamdır…”
Lakin müəllif bununla razılaşmır. Onun fikrincə, fiziki qüsurun olmaması heç də psixoloji problemlərin olmadığı, sosiallaşma qabiliyyətinin zəifləmədiyi, gələcəkdə uşağın çətin yeniyetməlik dövrü keçirməyəcəyi və ya müxtəlif xəstəliklərlə üzləşməyəcəyi anlamına gəlmir.
Müəllif iddia edir ki, hətta bir dəfə qəbul edilən alkoqol belə, uşağın üzərində ömür boyu silinməyən iz buraxa bilər.
Alkoqolun, hətta arabir və az miqdarda qəbul edilməsi, xüsusilə mayalanma dövründə və ondan əvvəlki müddətdə, yalnız insanın öz orqanizminə qarşı məsuliyyətsizliyi deyil, həm də hələ özünü müdafiə etmək imkanına malik olmayan gələcək uşağa qarşı son dərəcə ağır haqsızlıqdır. Nəticədə bütün əzabları məhz həmin uşaq çəkməli olur…
Əlbəttə, bu məqaləni qatı alkoqol aludəçiləri oxumayacaqlar. Çünki onların, doğrudan da, nə öz sağlamlıqları, nə də uşaqlarının taleyi ilə bağlı narahatlıq keçirmədikləri düşünülə bilər. Lakin “az içən”, yaxud “yalnız həftəsonları içki qəbul edən” və gələcək övladları qarşısında məsuliyyətini dərk edə bilən valideynlər öz həyat tərzləri barədə ciddi düşünməlidirlər. Niyə valideynlərin bir anlıq zəifliyinin əvəzini uşaqları bütün ömürləri boyu ödəməlidirlər?..
Əgər hər kəs Uca Allahın buyurduqlarına qulaq assaydı və alkoqolu birdəfəlik həyatından çıxarsaydı, görəsən, nə qədər faciənin qarşısını almaq mümkün olardı?



