İddiaya görə, ABŞ İsveçrə vasitəsilə İrana nüvə danışıqları ilə bağlı mesaj göndərib.
Bu barədə “Əl Mayadeen” Qərb diplomatik mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, Tehranda səfərdə olan İsveçrə xarici işlər nazirinin müavini Qabriel Lyuxinqer ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun mesajını Tehrana çatdırıb. Mesajda ABŞ-ın İranla nüvə danışıqlarını bərpa etməyə hazır olduğu və danışıqlar zamanı İrana qarşı heç bir hücum olmayacağına zəmanət verildiyi bildirilib.
Tehran hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, İran və ABŞ aprel ayında nüvə danışıqlarına başlayıb, beş raund görüş keçirib. Altıncı raund iyunun 15-nə planlaşdırılsa da, İsrailin 13 iyundakı hücumu 12 günlük müharibəyə səbəb oldu. ABŞ 22 iyunda İranın nüvə obyektlərini bombaladı. 24 iyunda hücumlar dayandırıldıqdan sonra ABŞ danışıqları bərpa etmək istədiyini bildirdi, İran isə təhlükəsizlik zəmanəti tələb etdi.




