Öskürək zamanı çoxlu maye qəbul etmək lazımdır. Yaşlı insanlarda susuzluq hissiyyatı itdiyinə görə dehidratasiyaya tez məruz qalırlar. Lakin sutkada 2 litr maye kifayətdir. COVID-19-un müalicəsində restriktiv strategiya ilə maye verilməlidir. Maye bəlğəmi yumşaltmağa və asan xaric olmağa kömək edəcək.
Tanınmış həkim-reanimatoloq Şahin Məmmədov “Facebook”da koronavirus xəstələrində öskürəyin qarşısının alınması barədə tövsiyələr verib.
O, bildirib ki, dərmansız vasitə kimi bal və ya doşabdan istifadə etmək tövsiyə olunur. Balın öskürək əleyhinə təsiri artıq sübut olunub. 1 çay qaşığı bal gündə 4-5 dəfə qəbul etmək olar. Sadəcə nəzərə almaq lazımdır ki, bal botulizm təhlükəsinə görə 1 yaşa qədər uşaqlara olmaz.
Həkimin sözlərinə görə, əgər öskürək zamanı bal kömək etməzsə, gündə 4 dəfə olmaqla kodein (15-30 mq dozada) qəbul etmək olar. Öskürək çox güclüdürsə, dozanı 30-60 mq-a qədər artırıb gün ərzində 4 dəfə qəbul etmək məqsədəuyğundur. Maksimal doza isə 1 gündə 240 mq təşkil edir. Kodein tərkibli preparatlar apteklərdə müxtəlif adda ola bilər, sadəcə, içindəki kodeinin dozasına diqqət etmək lazımdır.
“Dərmana müraciət ediriksə, kodein ilk seçim olmalıdır. Lakin xəstəxanalarda və təcili yardım həkimləri morfin yarım ml (5 mq) gündə 2 dəfə xəstələrə vurmaqla da öskürəyi kəsə bilərlər.
Unutmayın ki, bronxektaziya və xroniki bronxiti olan insanlara öskürəyi mərkəzdən tam söndürmək məsləhət deyil”, – deyə həkim əlavə edib.