Regionlarda yüzlərlə yeni iş yerləri açılacaq

0
345

Bölgələrdə sahibkarlıq fəaliyyətinin genişlənməsi və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsində yeni nəticələr əldə olunur.

Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, bölgələrimizdə biznesin inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisə və iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası və əhalinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası 2021-ci ilin doqquz ayı ərzində də davam etdirilib. 

Dövlət Proqramı çərçivəsində bu ilin doqquz ayı ərzində regionlarda sahibkarlığın inkişafı sahəsində də zəruri tədbirlər həyata keçirilib. Dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən bu tədbirlər ölkədə biznes fəaliyyətinin genişlənməsi və müasirləşməsi, sahibkarlığın iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, həmçinin əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəlməsi baxımından önəm kəsb edir.

İnvestisiya təşviqi sənədi regionlarda da biznesin inkişafını stimullaşdırır

Ölkəmizdə qeyri-neft iqtisadiyyatının, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər, istehsal və ixrac potensialının artırılması, investisiya yatırımının stimullaşdırılması üçün tətbiq edilən səmərəli mexanizmlər regionlarda da biznesin inkişafına əlverişli şərait yaradıb. Belə mexanizmlərdən biri də sərmayə qoyuluşunun təşviqi və artırılması məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən olunmuş güzəştlərdən yararlanmağa əsas verən sənəddir. Ölkədə real sektora özəl investisiyaların cəlb edilməsini artırmaq məqsədi ilə Prezidentin 2016-cı il 18 yanvar tarixli fərmanı ilə təsdiq olunmuş “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”na uyğun olaraq bu ilin doqquz ayında da investisiya təşviqi sənədinin verilməsi davam etdirilib.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində 33 sahibkarlıq subyektinə 33 investisiya təşviqi sənədi və 139 sahibkarlıq subyektinə 437 təsdiqedici sənəd təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 170 milyon manata yaxın investisiya yatırılacağı, 1500-dək yeni iş yerinin açılacağı nəzərdə tutulub. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 63,7 faizi (21 investisiya təşviqi sənədi, 120,2 milyon manat investisiya) sənaye, 30,3 faizi (10 investisiya təşviqi sənədi, 37,8 milyon manat investisiya) kənd təsərrüfatı, 3 faizi (1 investisiya təşviqi sənədi, 5,2 milyon manat investisiya) turizm, 3 faizi (1 investisiya təşviqi sənədi, 1,7 milyon manat investisiya) isə logistika sahələrində icra olunacaq layihələri əhatə edir.

Regionlarda fəaliyyət göstərən iş adamlarına güzəştli kreditlərlə maliyyə dəstəyi davam etdirilir

Sahibkarlara, o cümlədən regionlarda fəaliyyət göstərən iş adamlarına güzəştli kreditlərlə maliyyə dəstəyinin göstərilməsi 2021-ci ilin doqquz ayı ərzində də davam etdirilib, 1 150-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 1 125 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 1 800-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

Əlavə edək ki, ölkədə bu istiqamətdə digər tədbirlərlə yanaşı, yeni maliyyə mexanizmlərinin tətbiqinə başlanılması da region sahibkarlarının biznesinə mühüm dəstəkdir. Belə mexanizmlərdən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlıdır. Bu prosesin həyata keçirilməsində şəffaflıq və operativliyə nail olmaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması yaradılıb. Elektron Kredit Platforması Sahibkarlığın İnkişafı Fondunun dövlət zəmanətli kredit və subsidiya mexanizmindən yararlanmaq üçün sahibkarların müraciətlərinin qəbul edildiyi onlayn platformadır. Müraciətlər pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən həyata keçirilə bilər. Elektron Kredit Platforması bir çox xüsusiyyətlərinə görə sahibkarların, xüsusilə də bölgələrdə biznes fəaliyyəti göstərənlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. Belə ki, sahibkarlar müvəkkil kredit təşkilatına getmədən onlayn rejimdə biznes kreditləri üçün müraciət edə və müraciətlərinin statusunu real vaxt rejimində izləyə bilirlər. Sahibkarların biznes kreditlərinə çıxış imkanları artır, onların məmnunluğu təmin edilir, vaxta və xərclərə qənaət olunur.

Bölgələrdə aqrar biznesdə inkişaf və məhsul istehsalında artım

Ölkədə pandemiya şəraitinin və bundan irəli gələn müvafiq məhdudiyyətlərin hökm sürməsinə baxmayaraq, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı 7,3 faiz artıb.

Qeyd edək ki, aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən və kənd təsərrüfatı sektorunun müasirləşdirilməsində vacib rol oynayan aqropark və müasir iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər də sürətlə davam etdirilir. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, respublikanın 32 rayonu üzrə 239 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər həyata keçirilir. Onlardan 43 aqropark və iri fermer təsərrüfatı fəaliyyətə başlayıb, 8 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və tikinti-quraşdırma işləri davam etdirilir. Aqropark və iri fermer təsərrüfatlarından 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 1-i çeşidləmə-qablaşdırma, emal və logistika sahələrinə aiddir.

Sonda əlavə edək ki, dövlətin ölkədə biznesin inkişaf etdirilməsi siyasəti, bu sahəyə tətbiq edilən dəstək və güzəşt mexanizmləri sahibkarlığın, xüsusilə, kiçik və orta biznesin davamlı inkişafı, paytaxtda və bölgələrdə yeni və müasir istehsal müəssisələrinin, iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin və sosial rifahının yüksəldilməsi, paytaxtla regionlar arasında inkişaf fərqlərinin aradan qaldırılması, o cümlədən regionlarda yaşayan əhalinin rifah səviyyəsinin yüksəldilməsi məqsədlərinə xidmət edir.