Azərbaycanlı idmançı Ümumdünya Oyunlarına vəsiqə qazanıb – FOTO

0
362

“Dünya çempionatının 1/4 finalına çıxmaqla ABŞ-ın Birmingem şəhərində gələn il iyulda keçiriləcək Ümumdünya Oyunlarına lisenziya qazanmışam. Azərbaycanı bu yarışda təmsil edəcək ilk kikboksçu olduğum üçün fəxr edirəm”.

Bunu kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadə deyib.

O, kikboksinqin K-1 versiyası üzrə +91 kq çəki dərəcəsində 1/4 finala vəsiqə qazanmaqla gələn il 7-17 iyul tarixlərində keçiriləcək Ümumdünya Oyunlarına vəsiqə qazanıb. 75 kq-da çıxış edən Elxan Əliyev isə bu mərhələyə çıxa bilmədiyindən həmin yarışa qatıla bilməyəcək.

2017-ci ildə həvəskar kikboksinq üzrə dünya çempionu olmuş Bəhram 1/4 finalda hakimlərin onu uduzdurduğunu bildirib:

“1/8 finalda ilk döyüşüm braziliyalı Ariel Maşado ilə idi. O, mənim kimi peşəkar kikboksinqdə də yarışan idmançı idi. Bildiyimə görə, “Glory” turnirində 3-4-cü sıralarında gedir. Amma onu məğlub edə bildim. 1/4 finalda isə ukraynalı Roman Şerbatyukla qarşılaşdım. Əslində ona qalib gəlmişdim. Amma texniki səhv ucbatından xalım qeydə alınmadığı üçün uduzdum. Sonra etiraz verdik. Dedilər ki, sənə xal düyməsi basılanda qeydə alınmayıb”.