Dollarla bağlı “böyük çöküş” proqnozu verildi

Bir il ərzində dolların məzənnəsi 60 rubladək enə bilər, lakin belə bir ssenari şərtlərin müstəsna üst-üstə düşməsini tələb edəcək və böyük ehtimalla qısamüddətli xarakter daşıyacaq.

Bu barədə Gazeta.ru-ya “Garda Capital”ın investisiya strateqi Aleksandr Baxtin məlumat verib.

O, zəruri amillər arasında ixrac gəlirlərinin kəskin artmasını, idxalın azalmasını və yüksək uçot dərəcəsinin saxlanılmasını qeyd edib. Ekspertin sözlərinə görə, ixracdan daxilolmaların artması, məsələn, sanksiyaların yumşaldılması ilə bağlı ola bilər.

“Xarici siyasət fonunun yaxşılaşması da rubl aktivlərinə olan tələbatı artıra və geopolitik risklər üzrə əlavə ödənişi azalda bilər. Rublun kəskin möhkəmlənməsi iqtisadiyyat iştirakçılarına müxtəlif cür təsir göstərəcək. İxracatçılar və büdcə üçün 60 rublluq dollar rahat hesab edilən səviyyədən təxminən üçdə bir dəfə aşağı olardı. İdxalatçılar və ticarət şirkətləri isə, əksinə, daha ucuz xarici satınalmalardan faydalanardılar. Bundan əlavə, rublun möhkəmlənməsi valyuta borcu olan şirkətlərin büdcəsinə düşən yükü azaldır. İstehlakçılar üçün idxal malları və xidmətləri, habelə xarici turizm daha əlçatan olur”, — deyə Baxtin qeyd edib.

Ekspertin fikrincə, xarici komplektləşdirici hissələrdən istifadə edən müəssisələr də müsbət effekt əldə edə bilərdilər. Baxtin bu kimi sahələr sırasında əczaçılıq və avtomobil sənayesinin adını çəkib.

Makroiqtisadiyyatda daha güclü rubl inflyasiyanın zəifləməsinə və inflyasiya gözləntilərinin azalmasına təkan verərdi, – Baxtin əminliklə deyib.İnvestisiya strateqi yekunda bildirib ki, bu göstəricilər Rusiya Bankı tərəfindən qərarlar qəbul edilərkən böyük əhəmiyyət kəsb edir.