Dövlət xəstəxanalarında hələ də pul tələb edilir? – VİDEO

0
363

Xidmətlər zərfinə 2 550 adda müayinə və müalicə daxil olan icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq olunmağa başlasa da, hələ də bəzi xəstəxanalarda həkimlər pasiyentlərdən ödəniş tələb edir.

Bu barədə “ARB Xəbər”də bildirilib.

Belə ki, paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində hazırlanan süjetdə doqquz aydır icbari sığorta ödənilməsinə baxmayaraq, müayinə üçün həkimlərin pul tələb etməsi əks olunub.

Məsələyə münasibət bildirən həkim Adil Qeybulla qeyd edib ki, həkimlərin özlərindən “qiymət oxuması”nın səbəbi maaş artımının sadəcə həvəsləndirici xarakter daşımasından irəli gəlir:

“Məsələn, həkimin maaşı 2 000 manatdır. Bu 2 000 manatın üzərinə həkimin növbələri, əlavə baxışları və digər başqa məsələlər gələ bilər. Stabil maaş isə konkret bazar qiymətlərinə yaxın olmalıdır”.

Deputat Razi Nurullayev isə qeyd edib ki, icbari sığortadan sonra bəzi xəstəxanalarda həkimlər hansısa cihazın olmadığını deməyə başlayıb:

“Xəstəxanada müalicə və müayinələrin heç olmasa, 20-30 faizi olmalıdır. Vətəndaşlar harasa müraciət edirsə, “bizdə bu aparat yoxdur” deyib, göndərişlə başqa xəstəxanaya göndərirlər. Belə çıxır ki, nə infrastrukturumuz hazır imiş, nə də həkimlərimiz arasında ciddi təbliğat aparılıb. Bu cür icbari tibbi sığortanı tətbiq etməyə ehtiyac yox idi”.