ABŞ zəhərli kosmetika istehsalına qadağa qoyacaq

0
307

ABŞ Senatı zəhərli kosmetika istehsalını tənzimləyən qanun layihəsini yenidən təqdim edib. Məlum olub ki, ABŞ və Kanadada sınaqdan keçirilmiş şəxsi qulluq məhsullarının yarısından çoxunda təhlükəli flüorlu kimyəvi maddələr var.

Bu barədə “The Guardian” xəbər verib.

Kosmetikada olan PFAS qrupundan olan maddələr immunitet sistemini zəiflədə, uşağın inkişafını poza, reproduktiv sistemə təsir göstərə və müəyyən xərçəng növlərinin ehtimalını artıra bilər. Bu birləşmələr parçalanmır və insan bədəninə daxil olduqdan sonra orada əbədi olaraq qalır.

Bildirilir ki, kosmetikanın icazə verilən kimyəvi tərkibi ilə bağlı ABŞ standartları 80 ildən çoxdur ki, dəyişməyib. Halbuki Avropada bu standartlar daim təkmilləşdirilir.

Bununla əlaqədar olaraq senatorlar Dayan Feynştein və Syuzan Kollins Şəxsi Baxım Təhlükəsizliyi Qanununa baxılması üçün müraciət ediblər. Bu qanuna əsasən, şirkətlər məhsullarında istifadə olunan bütün maddələr haqqında məlumat verməli və təhlükəsizliyini nümayiş etdirməlidir. Bundan başqa bütün istehsalçıların Qida və Dərman İdarəsində (FDA) məcburi qeydiyyatdan keçmələri də təklif olunur.