Pandemiya xəstəxanasının infeksionisti: “Əhalinin 90 faizi gec-tez koronavirusa yoluxacaq” – MÜSAHİBƏ

0
528

Azərbaycanda görülən bütün tədbirlərə baxmayaraq, koronavirusa yoluxanların sayı gündən-günə artmağa davam edir. Dekabrın 1-də COVID-19 xəstələrinin mövcud sayında anti-rekord qeydə alındı – 47 272 nəfər. Son həftələrin statistikası vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağına ümid etməyə əsas vermir.

Media.Az pandemiyanın ilk günlərindən koronavirusla mübarizədə fəal iştirak edən Mərkəzi Neftçilər Xəstəxanasının infeksionist həkimi Natiq Əliyevlə bu barədə söhbət edib.

Həkim işlədiyi tibb müəssisəsinin pandemiya xəstəxanası kimi fəaliyyət göstərməyə davam etdiyini bildirib.

“Bu gün xəstəxanada əsasən orta və ağır vəziyyətdə olan xəstələr var. Qəbul zamanı xəstələrdə əsasən yüksək temperatur, əzələ ağrıları və ümumi halsızlıq olur. Bizdə yalnız yaşlı və xroniki xəstəlikləri olan insanlar müalicə almır; çox sayda 30-35 yaşlı və yanaşı xəstəlikləri olmayan pasiyentlər də var”, – deyə N.Əliyev bildirib.

Həkimin sözlərinə görə, əhalinin 90 faizi gec-tez koronavirusa yoluxacaq və hər kəs özünəməxsus şəkildə xəstəliyi keçirəcək. Ancaq indiki zamanda xəstələnməmək daha yaxşıdır. N.Əliyev bunu mövsümi infeksiyalarla əlaqələndirib və bildirib ki, COVID-19-la birləşəndə xəstəliyin gedişatı xeyli ağırlaşır.

Xəstəlik sayının 10 qat artmasının səbəbinə gəlincə, infeksionist buna bir neçə səbəb göstərib:

“Əhalinin məsuliyyətsizliyi öz rolunu oynadı. Çoxu pandemiyanın geridə qaldığını düşünərək, elementar gigiyena qaydalarına riayət etməyi dayandırdı. Bakterial infeksiya və digər viral infeksiyaların buna qoşulmasını da qeyd edək. Yeri gəlmişkən, bu, hazırda yayılan koronavirusla yayın əvvəlində gördüyümüz xəstəlik arasındakı əsas fərqdir. Bundan əlavə, virus mutasiya edib. İndi “ikiqat infeksiyanı” müşahidə edirik”, – deyə həkim bildirib.

N.Əliyev qeyd edib ki, əvvəllər də bütün yaş kateqoriyasında xəstələr olduğu üçün virusun cavanlaşdığını söyləmək olmaz, lakin yenə də gənc xəstələr çoxalıb. Uşaqlar üçün də, xüsusilə də ürək-damar və ağciyər patologiyası olanlar üçün virus daha təhlükəli olub.

Sonda həkim mövcud vəziyyətə əsaslanaraq karantin rejiminin sərtləşdirilməsini məqsədəuyğun hesab etdiyini qeyd vurğulayıb.

“Evdə müalicə məsələsinə gəlincə, bu mümkündür, ancaq həkim müayinəsindən və müalicə sxeminin təyinindən sonra. Bu, koronavirusu yüngül və ya asemptomatik keçirənlərə də aiddir. Ancaq əl altında olan dərmanların nəzarətsiz qəbulu yolverilməzdir”, – deyə N.Əliyev xəbərdarlıq edib.