Münhauzen sindromu psixiatrik pozuntudur. Həmin problemdən əziyyət çəkənləri əbəs yerə simulyant, fırıldaqçı, “professional xəstə” və ya “xəstəxana birəsi” adlandırmırlar. Onlar tibb müəssisələrinə düşmək üçün hər yola əl atırlar. Həmin meyl çox vaxt keçirilmiş ağır xəstəlikdən, yaxın adamın itkisindən, sevgilisindən ayrılandan sonra və ya tənhalıqdan yaranır.
Bu barədə Azərbaycan Dövlət Pedoqoji Univerditetinin baş müəllimi Sona Əliyeva Səhər. az saytına verdiyi müsahibədə söyləyib.
Psoxoloq həmin xəstəliyin sirli Münhauzen sindromu adlandırıldığını deyib: “Ilk dəfə həmin xəstəlik İngiltərənin Mərkəzi Middleseks Xəstəxanasının zehni müşahidə şöbəsinin müdiri, endokrinoloq və hematoloq Riçard Aşer tərəfindən müəyyən edilib. Həkim patoloji dərəcədə yüksək müalicə almaq istəyi olan xəstəni müəyyən edib və problemi məşhur hekayənin yalançı qəhrəmanının şərəfinə Münhauzen sindromu adlandırıb. Təəssüf ki, professional simulyantların davranışı heç də hekayə qəhrəmanının uydurmaları kimi zərərsiz deyil. Simulyantların çoxu skalpel altına uzanmaq arzusu ilə yaşayır. Ona görə də yalançı “baronlar” əksərən qarında baş verən ağrılardan şikayətlənir və dərhal əməliyyat olunmaq istəyirlər. Onların arasında xüsusi “istedadlar” mədə xorasının deşilməsini o qədər ustalıqla imitasiya edirlər ki, hətta çox vaxt həkimləri də çaş-baş salırlar. Qan müayinəsinin nəticələri normal olduğu halda xəstə şiddətli ağrılardan şikayət edir. Cərrah ehtimalları nəzərə alıb “xəstəni” əməliyyata götürür və onun qarnında çapıq əmələ gəlir. Bəzən əməliyyat masasına uzanmaq üçün bəziləri mismar, qaşıq, çəngəl, hətta tibbi alətləri udurlar. Münhauzen sindromunun həmin forması abdominal tip adlanır”.
Yalançı “xəstələrin” bir qrupunda isə keçici nevroloji dəyişikliklər olur. Onlar güclü baş ağrısı, epileptik tutma, iflic, bayılma, hissiyyatın itirilməsi kimi əlamətləri ustalıqla imitasiya edirlər.”
Müsahibimiz həmin sindroma mübtəla olanların digər xüsusiyyətləri barədə bunları deyib: “Münhauzen sindromu olanlar vəziyyətə uyğunlaşa bilir və onlarda “möcüzəli şəkildə” yaxınlıqdakı xəstəxananın profilinə uyğun olan əlamətlər əmələ gəlir. Onların əksər hissəsi uşaqlıqda ağır xəstəlik keçirərkən həkim və yaxınlarının xüsusi qayğısını görüblər. Sonralar həmin qayğı atmosferini təzədən yaşamaq üçün özləri “xəstəlik modeli” yaradır və valideynlərin xoş rəftarından istifadə edirlər.
Sindromun daşıyıcılarının “səyahət” motivləri bir-birindən fərqli olsa da, hərəkətlərinin ümumi üslubu eynidir. Həmin problemlə üzləşənlərin hamısında eqosentrizm, özünüsevmə, ipoxondriya, tənhalıq, patoloji yalançılıq, bəzən mazoxizm və emosional gerilik müşahidə olunur. Ətrafdakılarla yaxın münasibət yarada bilməyən xəstələr ancaq xüsusi tibbi ədəbiyyatla maraqlanır və stimulə etdiyi xəstəliklərin əlamətlərini həkimi heyrətə salacaq dərəcədə dəqiqliklə təsvir edir. Xəstəliyi imitasiya edən qadınlar özlərini daha çox isterik, kişilər isə aqressiv aparır. Maraqlıdır ki, belə xəstələrin təfəkküründə heç bir qüsur olmur, əqli inkişaf göstəricisi isə çox vaxt normadan yüksək olur.
Həmin sindroma mübtəla olan “xəstələr” xəstəxanada yatmağa çox ciddi şəkildə hazırlaşır, stasionara axşam və gecə saatlarında, ya da bayram günlərində müraciət etməyə üstünlük verir və heç vaxt eyni xəstəxanaya müraciət etmirlər. Münhauzen sindromu olanalrın apardığı müşahidələrə görə, həmin günlərdə daha təcrübəsiz gənc həkimlər növbədə olurlar. Lakin cərrah xəstənin “kəskin” sancısına, “dəhşətli” qanaxmasına və digər “təhlükəli” halına lazımi diqqət ayırmadıqda yalançılar başqa tibb müəssislərinə üz tuturlar”.



