Komitə rüşvət iddialarına cavab verdi

0
702

Bəzi hallarda media qurumları və şəxslər tərəfindən tənqid öz kontekstindən çıxarılaraq təhqirlərə, sifarişli yazılara, komitənin və onun rəhbərliyinə qarşı qaralama kampaniyasına çevrilir ki, bu da yolverilməzdir.

Bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Komitədən bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandıran iftira və böhtan dolu, həqiqətə uyğun olmayan məqalə dərc edilib:

“Əvvəla inhisarşılığın nə olduğunu bilməyən yazı müəllifinin diqqətinə çatdırırıq ki, bu gün istənilən şəxs ölkəyə avtomobil gətirə bilər və burda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. O ki qaldı ölkəyə idxal edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı ödənilən vergi və rüsumlara, Dövlət Gömrük Komitəsi bildirir ki, ödənilən vergi və rüsumlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 500 saylı qərarı ilə tənzimlənir. Bu barədə mövcud qanunvericilik və nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi proseduru komitənin rəsmi internet səhifəsində aydın şəkildə izah edilib. Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı səsləndirilən əsassız iddialara gəlincə, bir daha qeyd edək ki, Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Ölkə ərazisinə gətirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan komitənin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur və bu barədə komitə ictimaiyyət üçün dəfələrlə açıqlamalar yayımlayıb.

Rüşvətlə bağlı iddialara gəlincə isə, hər hansı nöqsanın müəyyən edilməsi üçün konkret faktlar üzrə araşdırma aparmaqla həqiqəti ortaya çıxarmaq mümkündür. Lakin gömrük orqanlarını rüşvət və inhisarçılıqda günahlandıran həmin yazıda gömrük qanunvericiliyinin pozulmasına dair konkret hər hansı faktın yer almaması, beş il bundan öncə gömrük xidmətinə qarşı irəli sürülən haqsız iddianın təkrar gündəmə gətirilərək xüsusilə qabardılması yazının da konkret məqsədlər, yəni gömrük orqanları və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq niyyətilə yazıldığının və yayımlandığının sübutudur. Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin açıqlamalarında dəfələrlə bəyan olunub ki, gömrük sistemində korrupsiyaya, rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılır və istənilən şəxs bu barədə faktlara malik olduğu təqdirdə birbaşa hüquq-mühafizə orqanlarına da müraciət edə bilər. Üstəlik gömrük xidmətinin bu istiqamətdəki fəaliyyəti nəinki ölkə daxilində, beynəlxalq miqyasda da təqdirlə qarşılanır. Sağlam tənqid cəmiyyətin inkişafını təmin edən əsas amillərdəndir və ölkəmizin gömrük orqanları da hər zaman sağlam tənqidi yüksək qiymətləndirərək öz işini vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində qurur. Dövlət Gömrük Komitəsi bir daha media qurumları və onun nümayəndələrinə gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən konkret faktlara əsaslanmağı tövsiyyə edir”.