Bakıda bəzi yolların genişləndirilməsinə görə ağaclar köçürüləcək

0
390

Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti, 2 ünvanında isə yeni infrastruktur obyektlərinin yaradılması məqsədilə tikinti sahəsinə düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib.

Onun sözlərinə görə, bu tədbirlər o şərtlə həyata keçiriləcək ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin. M.Qənbərov qeyd edib ki, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti, tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb, mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti sahəsinə düşən ağacların budanaraq, kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək.

“Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerinə daha çox ağac əkilməsini təmin etməkdir”.