Siyəzəndə polis əməkdaşları sakinlərə maska payladılar

0
396

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.

Şöbə əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində vəziyyətə də ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunması, həmçinin sürücülərin və sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılır.

Sakinlərə və sürücülərə tibbi maska paylayan polis əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə edirlər.