Azərbaycan “Avrasiyanın COVİD-19 ilə mübarizəsi” adlı videokonfransda təmsil olunub

0
480

Dünya İqtisadi Forumunun rəhbərliyinin təşəbbüsü ilə “Avrasiyanın COVİD-19 ilə mübarizəsi” adlı videokonfrans keçirilib. Videokonfransın keçirilməsində məqsəd yeni tip koronavirus pandemiyasının Avrasiya regionunda sürətlə yayılması fonunda qarşıya çıxan böhran vəziyyətində bu regionda yerləşən ölkələr tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat mübadiləsi olub.

AZƏRTAC xəbər verir ki, videokonfransda ölkəmizi Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova təmsil edib.
Səfir Xanım İbrahimova sözügedən konfransda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında yeni koronavirus pandemiyasının ölkəmizin sosial-iqtisadi həyatına ola biləcək mümkün təsirlərini azaltmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. Səfir ölkəmiz tərəfindən epidemiyanın yayılmamasının qarşısını almaq üçün vaxt itirmədən hərəkətə keçildiyini, bu baxımdan virusun yayılma arealının və sürətinin əhəmiyyətli dərəcədə azaldılmasının mümkün olduğunu diqqətə çatdırıb. Həmçinin bildirilib ki, qlobal dünyada baş verən bu pandemiyanın təsirlərinin bütün ölkələrin iqtisadiyyatlarına mümkün zəncirvari təsirlərini nəzərə alaraq, Azərbaycan hökuməti tərəfindən əhalinin məşğulluq məsələləri və ölkədəki iqtisadi fəallığın qorunması daim diqqətdə saxlanılır.
Sonra Azərbaycanın səhiyyə sistemindən bəhs edən səfir X.İbrahimova hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələrinin müalicə alması, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ən müasir xəstəxananın açılışının mart ayının sonunda baş verməsi və dərhal pandemiya ilə mübarizəyə səfərbər edilməsi, habelə Bakıda və digər bölgələrimizdə yeni texnologiyalar əsasında müasir xəstəxanaların inşa ediləcəyi barədə konfrans iştirakçılarını məlumatlandırılıb.