Azərpoçt”dan 190 manatı almaq istəyən vətəndaşların yaratdığı sıxlıqla bağlı açıqlama – VİDEO

0
492

Bu gün bəzi KİV-də Sabunçu rayon mərkəzi poçtunda vətəndaş sıxlığının müşahidə edildiyinə dair videogörüntülər paylaşılıb.

sözügedən görüntülərdə 30-35 nəfərə yaxın vətəndaşın dövlət tərəfindən ayrılan 190 manat dəyərində birdəfəlik ödəməni götürmək üçün gəldiyi iddia olunur.

Lakin videoda poçt əməkdaşları karantin rejiminin normalarını pozmaqda ittiham olunur.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova redaksiyamıza açıqlamasında Nazirliyin tabeliyində olan “Azərpoçt” MMC-nin Sabunçu filialında lentə alınan görüntülərə aydınlıq gətirib.

G.Gözəlova vətəndaşların bu qədər səbrsiz davranmaqla, həm özlərinin, həm də poçt əməkdaşlarının sağlamlıqlarını riskə atmalarından təəssüfləndiyini deyib:

“Mən o vətəndaşları çox yaxşı başa düşürəm. Analayıram ki, o yardıma həqiqətən də ehtiyacı olan şəxslər var. Amma onlar da başa düşməlidir ki, öz sağlamlıqları 190 manatdan da vacibdir. Bu vəsait dövlət tərəfindən ayrılıb və aidiyyəti üzrə həmin şəxslərin adlarına yazılıb. Poçt mərkəzinə bu şəkildə daxil olub, sıxlıq yaratmaq lazım deyil. Növbə ilə yaxınlaşıb, müavinəti ala bilərlər. Heç kim düşünməsin ki, ona ayrılan pul verilməyəck. Pandemiya dövrü bitsə belə, onlara ayrılan 190 manatlıq birdəflik yardım ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 14-ə qədər işsiz kimi qeydiyyata alınan 100 min şəxsə birdəfəlik müavinətin ödənilməsi üçün 19 milyon manat vəsait ayrılıb. Hər bir şəxsin adına 190 manat məbləğində ödəniş artıq köçürülüb. Demək olar ki, bu ödənişlərin 80 faizi “Azərpoçt” MMC tərəfindən vətəndaşlara təqdim olunacaq. Ödənişlərin digər hissəsi isə banklar tərəfindən həyata keçirilir”.

G.Gözəlova bu videonu çəkərək sosial şəbəkələrə yükləyən vətəndaşın davranışına da münasibət bildirib:

“Bu videonu çəkən şəxsin davranışına ayrıca təəssüf edirəm. Həmin şəxslərin arasında olmaqla, o da onlar kimi pandemiyanın geniş yayılmasına şərait yaradıb. Yaxşı olardı ki, o vətəndaş digərlərinə də səslənib, mərkəzdən çölə çıxmağı təklif edərdi. Nazirlər Kabinetinin qəbul etdiyi karantin qaydalarına  uyğun şəkildə vətəndaşlar poçt əməkdaşlarına növbə ilə yaxınlaşardı”.

“Respublika üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-nin növbəli iş rejimi ilə 74 poçt şöbəsi fəaliyyət göstərirdi. Artıq dünəndən respublika üzrə 1494 poçt şöbəsi gücləndirilmiş rejimində fəaliyyətə başlayıb. Bütün bunların səbəbi karantin dövründə  vətəndaşlara xidmət göstərməkdir. Xahiş edirik, vətəndaşlar da bunu nəzərə alsın. “Azərpoçt” əməkdaşları pandemiya dövrü elan ediləndən öz həyatlarını riskə ataraq vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə çalışırlar. Onların əməyinə, zəhmətinə, qurum tərəfindən görülən bu qədər işlərə kölgə salmaq düzgün deyil”, – deyə G.Gözəlova əlavə edib.