Avropa çempionatı:Sərbəst güləşçilərimiz mübarizəyə başlayır

0
447

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Məlumata görə, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulur. Azərbaycan təmsilçilərindən Əfqan Xaşalov (57 kq) 1/8 finalda Valentin Damurla (Fransa) üz-üzə gələcək. 65 kq-dakı Əli Rəhimzadə eyni mərhələdə Vladimir Xinceqaşvili ilə qarşılaşacaq.

Ağahüseyn Mustafayev (70 kq) ilk görüşdə Ermənistan təmsilçisi Gevorq Mxeyanla, Cəbrayıl Həsənov (79 kq) isə gürcüstanlı Nika Kentçadze ilə güləşəcək. 97 kq-da yarışan Nurməhəmməd Hacıyev macarıstanlı 1/8 finalda Pavel Oleyniklə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda – 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) bu gün finalda Mimi Nikolova Xristova (Bolqarıstan) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal uğrunda görüşdə Belarus təmsilçilərini sınağa çəkəcəklər. Onlar müvafiq olaraq İrina Kuraçkina və Veranika İvanova ilə qarşılaşacaqlar. Tatyana Varansova isə təsəlliverici görüşdə Suzanna Georgiana Seykariu (Rumıniya) ilə güləşəcək.