İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəmizə çirklənmiş halda daxil olur

0
459

Azərbaycanda yerüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyatları isə təqribən 9 milyard kubmetrdir. Bu suların təxminən 12,8 milyard kubmetri istifadə olunur.

Bunu jurnalistlərə açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, suvarmada, su təchizatında və sənayedə su itkiləri vardır. İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəmizə çirklənmiş halda daxil olur:

“Lakin su ehtiyatımızın çox hissəsinin kənardan daxil olmasına baxmayaraq, istifadə zamanı israfçılığa yol verilir, sudan səmərəli istifadə edilmir.

Qanunvericiliyə görə, sudan səmərəli istifadə edilməli və onun uçotu aparılmalıdır. Bir çox amillər var ki, suların idarə olunması ilə bağlı məsələlərdə çətinliklər yaradır, xüsusən əkin sahələrinin suvarılmasında israfçılığa yol verilir, qənaətcil damcılı suvarma sistemlərindən istifadə edilmir. Hazırda ölkədə bu sahədə müvafiq tədbirlər görülür, anbarlar tikilir, suvarma kanalları inşa edilir, içməli su təchizatı sistemləri yenidən qurulur.

İçməli suyun ən çox istifadə edildiyi Bakı şəhərinə uzaq məsafələrdən su gətirilir, bu da o deməkdir ki, Bakı və Abşeron yarımadasının özünün içməli su ehtiyatı yoxdur. Buna baxmayaraq, hazırda paytaxtda sudan səmərəli istifadə edilmir. İstifadə olunmuş, çirklənmiş sular təmizlənərək texniki su kimi istifadə olunmaq əvəzinə çirkli halda çaylara və dənizə axıdılır”.

ETSN rəsmisi sonra qeyd edib:

“Bu amillər ETSN-i narahat edir. Narahatedici məqam odur ki, üstəlik təbii su mənbələrimiz çirkləndirilir, ekosistemə mənfi təsirlər göstərilir. Yəni, tullantı suları məişətdə, sənayedə və digər xidmət sahələrində yaranır.

Bu da bilavasitə çirklənməyə səbəb olan amillərdir. Tullantı sularının təmizləyici qurğularda tam təmizlənməməsi dənizin və çayların çirklənməsinə gətirib çıxarır. Əsas məqsəd odur ki, həmin sular təmizlənsin, təmizləndikdən sonra təkrar istifadə edilsin. Bu sulardan yaşıllıqların suvarılmasında və s. məqsədlərlə istifadə etmək mümkündür. Odur ki, sudan səmərəli və təkrar istifadə məsələləri daha geniş təbliğ edilməlidir”.

M.Əbdülhəsənov bildirib ki, qlobal iqlim dəyişikliklərinin təzahürləri Azərbaycanda su ehtiyatlarına da təsirsiz ötüşmür:

“Yağıntıların az olması və daxili çaylarımızda axınların azalması bu təzahürlərdən biridir. Bütün ölkələr iqlim dəyişiklikləri təzahürlərinə qarşı tədbirlər görür. Azərbaycanda da araşdırmalar, təhlillər və qiymətləndirmələr aparılıb. İqlim dəyişmələrinin şirin su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikilir.

Son zamanlar inşa edilmiş Taxtakörpü, Tovuzçay, Şəmkirçay su anbarları iqlim dəyişmələrindən yarananan fəsadların yumşaldılmasına yönəlib. Yağıntının olmaması səbəbindən Kür çayında da son zamanlar suyun azalması qeydə alınır. Bunlar hamısı özünü Mingəçevir su anbarında göstərir.

Şirin su ehtiyatlarını qorumaq, səmərəli və qənaətlə istifadə etmək lazımdır. Hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, eyni zamanda, suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə və təkrar istifadə olunmalıdır”.