Tikintilərlə bağlı səlahiyyətləri artıq bu qurum həyata keçirəcək

0
484

“Söhbət şəhərin ümümi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və ümumiyyətlə, tikinti obyektlərinin yenidən qurulmasından gedir”

Dünən Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin tikinti ilə bağlı bir sıra səlahiyyətləri ləğv edilib. Buraya mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması sahəsində səlahiyyətlər daxildir.

Bununla Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli qərarları qüvvədən düşüb. Qeyd edilib ki, tikinti layihələri barədə məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməlidir.

Bəs görəsən, bundan sonra şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi və yenidən qurulması, eləcə də yuxarıda sadalanan digər məsələlərə nəzarət hansı formada aparılacaq?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirib ki, Prezidentin 29.11.2019-cu il tarixli fərmanı və Nazirlər Kabinetinin 17 dekabr tarixli 482 nömrəli qərarı ilə tikintiyə icazələrin verilməsi sahəsində təkmilləşdirmə işləri davam edir: “Dövlət başçısının fərmanı və Nazirlər Kabinetinin qərarına əsasən,​ Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci ilin avqust ayının 1-dək layihələndirilməsi barədə sərəncam verilmiş pilot adlandırdığımız tikililərin ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiqi, həmin layihələrin tikintisinə icazənin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla həyata keçirilməlidir.

Söhbət şəhərin ümümi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və ümumiyyətlə, tikinti obyektlərinin yenidən qurulmasından gedir. Bunlardan layihələndirilməsi haqqında sərəncam verilmiş tikinti layihələri barədə məlumat Nazirlər Kabinetinin yeni qərarı qüvvəyə mindiyi gündən 7 iş günü müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməlidir”.

Qeyd edək ki, qərara əsasən, Bakı şəhərinin Sabunçu, Binəqədi, Qaradağ, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər Rayon icra hakimiyyətləri 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə bir sıra tədbirləri həyata keçirməlidirlər.

Burada mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması məsələsi də öz əksini tapıb.

Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi də daxildir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarlarına əsasən, ləğv edilən səlahiyyətlər Bakı şəhər rayonlarının icra hakimiyyətlərinə 5 il müddətinə verilmişdi. Bu müddətlər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ilə bağlı 20 oktyabr 2020-ci il, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti il bağlı 22 yanvar 2021-ci il, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının icra hakimiyyətləri ilə bağlı 25 fevral 2021-ci ildə başa çatırdı.