Ümumdünya əlillər günü

0
664

İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır.
Əlillik eyib sayılmamalıdır, çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır.
İndi dünyada xeyli əlil var. Təkcə Azərbaycanda onların sayı 360 minə çatır. Əlbəttə, onların bir hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin, erməni soyqırımının və terrorunun nəticəsidir. Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.
Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.
Beynəlxalq aləm də əlillərə qayğı və diqqəti artırıb. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.