Şeyx divarı uçan binada yaşayır

0
447

Mən hələ də uçmuş evdə təhlükə altında yaşayıram.
Bu sözləri Şeyx Əbdül Mahmudov Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən və 26 noyabrda divarı uçan yaşayış binasındakı son vəziyyətlə bağlı danışarkən deyib. O bildirib ki, ötən həftə icra və aidiyyəti FF2011 MTK nümayəndələri əraziyə gəlsə də, heç bir tədbir görülməyib:
“Bir neçə nəfərə başqa evdə yaşamaq üçün kirayə pulu veriblər, ancaq mən razılaşmadım. Razılaşanlar da indi başlarına döyürlər. Mən niyə öz sənədli evimdən çıxıb kirayələrdə yaşamalıyam? Deyək ki, gedib 2-3 ay kirayədə yaşadım. Onlar 2-3 aya mənə yeni mənzil tikəcəklərmi? 10 ildir bizi pis vəziyyətdə qoyublar. Bu ev uçana qədər burada qalacağam. Burda oyun oynanılır. Gözləyirlər ki, ev uçub tökülsün, insanlar da məcbur olub çıxsınlar. Mənim 75 yaşım var, xalq artistiyəm. İndi mənim kirayələrdə qalan vaxtımdır? Mən nəyə görə bu boyda evimi, arxivimi kirayəyə daşımalıyam. Ya mənə ev tikib versinlər, ya da evimin pulunu versinlər, yeni mənzil alım”.
Xalq artisti sözügedən problemlə əlaqədar ölkə başçısına rəsmi müraciət göndərəcəyini söyləyib:
“Hazırda bu problemlə bağlı Prezident İlham Əliyevə SOS haraylı müraciət hazırlayıram. Məni bu dövlət xalq artisti edib. Hər zaman bu dövləti dəstəkləmişəm. Amma indi bəzi məmurlar bizi incidir, yaşamağa qoymur. Prezident dəfələrlə yaşadığım bina ilə bağlı göstəriş versə də, icra olunmayıb. Pulları yeyiblər, indi də bina tikməyə pul tapmırlar”.