Güləşçimiz Hacı Əliyev ALROSA kuboku yarışında qələbə qazanıb

0
359

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.

Güləş Federasiyasından verilən məlumata görə, yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.

Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi iki iştirakçı olduğundan bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb – 5:4. Hacı Əliyev (65 kq) İkinci Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib – 7:3. Beləliklə, hər iki güləşçimiz ertəsi gün Rusiya və dünya yığması qarşılaşmasında iştirak etmək hüququ əldə edib.

Hacımurad Hacıyev (74 kq) yarışda ilk görüşdə gürcü Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Ancaq yığma üzvləri bürünc medal qazanıb. Axşam seansında H.Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), C.Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.

Noyabrın 30-da həlledici qarşılaşmalar keçirilib. H.Hacıyev son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. İdmançımız son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. G.Edişeraşvili yerli idmançı Ramiz Həmzətova (4:7), Ş.Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) məğlub olub.