Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü böyük həyəcanla gözləyirdim. O, Moskvada Gimnastika Mərkəzinə baş çəkdi.
Bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova deyib.
“Açığı, narahat idim, çünki bu sarayın ekletizmi çox müxtəlifdir. Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda möhtəşəm Gimnastika Arenası tikildikdən sonra mən də belə bir şeyi arzuladım. Arzularım gerçəkləşdi və arzularımın sərhədi daha da genişləndi. Çünki Mehriban Əliyeva buraya gələrək Sarayımıza baxdı”, – deyə o bildirib.
İ.Viner-Usmanova Azərbaycanla Rusiyanın gimnastika məktəbləri arasında olan sıx əməkdaşlıqdan da söz açıb.
O qeyd edib ki, Azərbaycanda bədii gimnastikanın böyük tarixi var.
“Bir zamanlar məşhur gimnastlar var idi. Mehriban Əliyeva onların hamısını inkişaf etdirmək qərarına gəldi. Bununla bağlı məsləhətləşmək üçün bizi dəvət etdi. Biz birlikdə işləməyə başladıq və üç ildir ki, Azərbaycan yığması komanda hesabında dünya çempionatlarında podiuma çıxıb.
Çox güclü gimnastlar yetişib. Aliyə Qarayeva London Olimpiya Oyunlarında dördüncü yeri tutdu. Azərbaycan komandası qrup şəklində ilk olaraq Olimpiya Oyunlarına çıxdı. Deyə bilərəm ki, Azərbaycanda gimnastika üçün yaradılan şərait öz bəhrəsini verir”.
O, həmçinin, ikitərəfli münasibətlərdən də danışıb. Söyləyib ki, Azərbaycanla Rusiya arasında dostluq əlaqələri böyük tarixi köklərə malikdir.
“Heydər Əliyev Azərbaycanla Rusiya arasında münasibətləri anlayan və inkişaf etdirən böyük insandır. İndi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu siyasəti davam etdirir. Bilirəm ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla olan bu dostluğu sevir və yüksək qiymətləndirir.
Mehriban Əliyeva yüksək təhsilli, yüksək mədəniyyətə malik, ağıllı bir insandır. O, rus mədəniyyətini anlayır və bilir. Rusiya ilə beynəlxalq münasibətlərdə böyük rola malikdir. Onun “Dostluq” ordeni ilə təltif olunması təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də böyük şərəfdir.
Deyə bilərəm ki, bu il mənə Azərbaycanın “Dostluq” ordenini verdilər. Bu, bütün Rusiya mətbuatında işıqlandırıldı. Eyni zamanda, həyat yoldaşım Özbəkistanda eyni mükafatla təltif olunub. Özbəkistan haqqında danışarkən deyə bilərəm ki, bura məni böyütmüş ölkədir. Azərbaycan və Özbəkistan bir türk qrupudur. Biz bu yaxınlarda yüksək səviyyədə təşkil olunan Dünya Kubokunda idik”.
Qeyd edək ki, noyabrın 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının Prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.