Final mərhələsinə son 4 vəsiqəyə iddia edən 16 yığmanın taleyinə aydınlıq gələcək, həmçinin artıq həlledici raundla bağlı əlavə püşk atılacaq.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatmada pley-offda yolu və rəqibi bilinməyən 4 yığma kiminlə və harada oynayacağını biləcək. Bolqarıstan, Macarıstan, İsrail və Rumıniya yığmalarından biri C yolu üzrə, üçü A yolu üzrə mübarizə aparacaq. Püşk İslandiya və Şotlandiyanın rəqibini müəyyənləşdirəcək, digər iki komanda öz aralarında oynayacaq.
D yolu
1. Gürcüstan – Belarus
2. Şimali Makedoniya – Kosovo
C yolu
1. Şotlandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
2. Norveç – Serbiya
B yolu
1. Bosniya və Herseqovina – Şimali İrlandiya
2. Slovakiya – İrlandiya
A yolu
1. İslandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
2. Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Əlavə püşkatma isə artıq final mərhələsinə vəsiqə qazanmış Rusiya ilə Danimarka arasında atılacaq. Hər iki komandanın Belçika ilə birlikdə B qrupunda oynayacağı püşksüz də bəllidir.
Çünki Rusiya da, Danimarka da B qrupunun ev sahiblərindəndir. Bu millilərdən hər biri digər iki yığma ilə öz doğma stadionunda oynayacaq. Rusiya – Danimarka görüşünün hansı şəhərdə – Sankt-Peterburq, yoxsa Kopenhagendə baş tutacağı əlavə püşklə bilinəcək. Bəxt kimin üzünə gülsə, həmin komanda qrupdakı üç matçı öz meydanında oynayacaq.