Xüsusi avadanlıq olmadan qısa müddətdə “3D” xəritə hazırlamaq çətindir. ABŞ-ın Ordu Mühəndislər Korpusu tərəfindən hazırlanmış yeni fotoqrammetriya texnologiyası bir neçə dəqiqə ərzində adi aerofotoşəkillər əsasında dəqiq xəritələr hazırlamağa imkan verir.
Fotoqrammetriya – bu proses zamanı eyni ərazinin bir neçə təsviri bir-birilə müqayisə edilir, sonra həmin şəkillərdən “3D” xəritələr hazırlanır (obyektlərin bütün ölçüləri yalnız şəkillər əsasında müəyyənləşdirilir). Bu, populyar metoddur, amma əksər hallarda bu proseslə insanlar məşğul olur.
Virciniyada yerləşən Coğrafi Məkan Tədqiqatlar Laboratoriyasının alimi Riki Massaro real vaxt rejimində insanın nəzarəti olmadan aerofotoşəkilləri dəqiq “3D” xəritələrə çevirməyə imkan verən yüksək səmərəli fotoqrammetrik metod hazırlayıb.
Kentukkidə Fort-Kempbel təlim poliqonu üzərindən uçan ABŞ aviasiyası artıq sistemi sınaqdan keçirib və təlimlərin keçirilməsi üçün istifadə edilən şəhərin imitasiyasını xəritəyə əlavə edib. Bundan sonra “3D” xəritə hazırlanıb. Ordu artıq bu sistemdən istifadəyə qərar verib.