Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub

0
608

Parisdə UNESKO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib.

Tədbirdə UNESKO-nun rəhbər nümayəndələri, bir sıra ölkələrin Mədəniyyət nazirləri, daimi nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov giriş sözü ilə çıxış edərək ölkəmizlə UNESKO arasında əlqələrə toxunub. Ölkəmizin qurumun prinsip və dəyərlərinə həmişə sadiq olduğunu vurğulayıb və bunun UNESKO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqləndiyini bildirib. Ötən illər ərzində Milli Komissiyanın UNESKO ilə elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahələrində əməkdaşlığın həyata keçirilməsində əlaqələndirici rol oynadığını, UNESKO-nun proqram və tədbirlərinin hazırlanmasında və reallaşdırılmasında Azərbaycan Respublikasının fəal iştirakını diqqətə çatdıraraq bununla fəxr etdiyimizi bildirib. Ölkəmizin UNESKO-nun proqramlarına dəstək verdiyini, bir çox layihələr həyata keçirdiyini vurğulayıb.

UNESKO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Baş direktor adından Milli Komissiyanın 25 illiyini təbrik edib. Onun milli səviyyədə deyil, eyni zaman da regional və beynəlxalq səviyyələrdə çox saylı layihələr həyata keçirməklə UNESKO-nun missiyasını dəstəklədiyini diqqətə çatdırıb. UNESKO-nun gündəliyində əsas tədbirlərdən olan və Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqindəki əvəzsiz rolundan danışıb. Daimi nümayəndəliyimizə və Milli Komissiyaya ölkəmizin zəngin mədəni irsini, müxtəlif mədəniyyət ənənələrini UNESKO baş qərargahında keçirdikləri tədbirlər vasitəsi tanıtdıqlarını alqışlayıb. Təşkilatın ölkəmizlə əlaqələrinin daha da genişlənəcəyinə indandığını bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Milli Komissiyanın yaranması tarixindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə yaradılan Milli Komissiya həmin il Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2005-ci ildən Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir. O, Milli Komissiyanın 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə ölkəmizlə UNESKO arasındakı əlaqələrin inkişafına böyük töhfələr verib. Təşkilatla əlaqələrimiz daha intensiv və dinamik olub. UNESKO-nun mədəni irs, mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inkişaf etməkdə olan ölkələrdə qızların təhsili kimi prioritet sahələrində çox saylı layihələr həyata keçirilib.

Ölkəmizin UNESKO prinsip və dəyərlərinə sadiq qalacağı, qurumun nəcib missiyasının həyata keçirilməsində dəstəyini davam etdirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə qoşulan həmkarlarını və digər iştirakçıları salamlayaraq, tədbirin önəmini qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə səfir Anar Kərimova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı UNESKO-nun baş direktorunun xüsusi müşaviri, Ümumdünya İrs Komitəsinin keçmiş rəhbəri Munir Buşenakiyə təqdim olunub.

Munir Buşenaki bu yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.