Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları – 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.
Məlum olub ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.
ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.
Pakistan vətəndaşları isə ittihamla razılaşmır və heç vaxt ABŞ-a getmədiklərini bildiriblər.
Onlar bu məsələdə yanlışlıq olduğunu deyərək, Azərbaycanda həbsdə saxlanılmalarını istəyiblər.
ABŞ səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşı suala cavab olaraq bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları barədə məlumatlı olmadığını deyib. Nümayəndə bu barədə növbəti prosesdə yazılı şəkildə məlumat verəcəyini deyib. Pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var.