Şahmatçılarımız Avropa Kubokundan yeddi medalla qayıdır

0
468

Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kuboku başa çatıb.

Kişi və qadınların yarışa biləcəyi Açıq turnirdə “Vüqar Həşimov” klubu Nicat Abbasovun çıxış etdiyi “Rayka Rapid”ini 5:1 hesabı ilə məğlub edib.

Birinci lövhədə Azərbaycan dueli yaşanıb. Nicat Abbasov və Rauf Məmmədov bir-birləri ilə oyunda heç-heçəyə imza atıb. Şəhriyar Məmmədyarovun çıxış etdiyi Şimali Makedoniya “Alkaloid”i turnir cədvəlinin lideri olan İtaliyanın “Obiettivo Rizarçimento” klubuna 2,5:3,5 hesabı ilə uduzub.

Şəhriyar bu görüşdə qara fiqurlarla Riçard Rapportla heç-heçə edib.

Nərgiz Umudovanın şərəfini qoruduğu Belçika “Eşikye Mözan”ı Litvanın “MRU-ROSK Konsaltinq” komandasına uduzub – 2,5:3,5. Nərgiz bu görüşdə qara fiqurlarla Andrius Brazdzionisə uduzub. Xalını 10-a yüksəltsə də, debütant “Vüqar Həşimov” klubu yalnız səkkizinci sırada yarışı tamamlaya bilib.

“Alkaloid” isə 10 xalda qalaraq bürünc medallardan məhrum olub və dördüncü yerdə yarışı bitirib. Səkkiz xalda qalan “Rayka Rapid” 20-ci, yeddi xalı olan “Eşikye Mözan” 32-ci olub.

Avropa Kubokunun qalibi bütün görüşlərdə qələbə qazanmış və 14 xal toplamış “Obiettivo Rizarçimento” klubu olub. Çexiyanın “Novı Bor” komandası 12 xalla gümüş, Rusiya “Mednı Vsadnik”i 11 xalla bürünc medallara yiyələnib.

Qadınların yarışında isə “Odlar Yurdu” son turda Serbiyanın “Yelitsa” komandasını məğlub edib – 3:1. Xalını doqquza yüksəltsə də, komandamız turniri dördüncü sırada başa vurub. Gürcüstanın “Nona” klubu 11 xalla birinci, Kiyev Şahmat Federasiyasının və Monako “Şahmat Dairə”si komandaları 10 xalla müvafiq olaraq ikinci və üçüncü olub.

Qeyd edək ki, komanda halında medal qazana bilməsələr də, fərdi göstəricidə yeddi şahmatçımız (iki qızıl, iki gümüş və üç bürünc medal) mükafat qazana bilib. Bu turnirin ən reytinqli şahmatçısı olan Şəhriyar Məmmədyarov Açıq turnirdə birinci lövhənin qızıl, Rauf Məmmədov bürünc medalını qazanıb.

Birinci lövhədə yarışan digər şahmatçımız Nicat Abbasov 10-cu olub. İkinci lövhədə Vüqar Əsədli 8-ci, üçüncü lövhədə Ülvi Sadıqov 22-ci, dördüncü lövhədə Nərgiz Umudova 28-ci, altıncı lövhədə “Vüqar Həşimov” komandasının ukraynalı üzvü Nataliya Buksa 15-ci olub. Aydın Süleymanlı yeddinci lövhənin ən yaxşı nəticə göstərən ikinci şahmatçısı olub və gümüş medal qazanıb.

Həmçinin sonuncu – səkkizinci lövhədə Əhməd Əhmədzadə qızıl medala yiyələnib. Qadınların yarışında Günay Məmmədzadə birinci lövhədə, Xanım Balacayeva dördüncü lövhədə bürünc medal qazanıb. Zeynəb Məmmədyarova ehtiyat şahmatçıların yer aldığı beşinci lövhədə gümüş medala sahib çıxıb.