UNESCO-nun Baş Konfransında ölkəmizin bu quruma verdiyi töhfələrdən danışılıb

0
372

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərəfdaşıdır. 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” mədəniyyətlərin yaxınlaşmasını dəstəkləyən xüsusi beynəlxalq platformaya çevrilib. BMT Baş katibi illik hesabatında “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma olduğunu vurğulayıb.

Bu fikirləri Parisdə UNESCO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən ümumi siyasi debatlar zamanı Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov söyləyib.

Bildirib ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-UNESCO əlaqələrinə verdiyi töhfələr sayəsində bu qurumla ikitərəfli əlaqələr daha intensiv və dinamik səviyyəyə yüksəlib, sülh və təhlükəsizlik ideyalarının təşviqi üçün yeni tərəfdaşlıq üfüqləri açılıb.

Torpaqlarımızın erməni hərbi qüvvələri tərəfindən işğal edilməsindən və işğal altında olan ərazilərdə tarixi və mədəni irs abidələrimizin məhv edilməsindən danışan R.Həsənov işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın mədəni irsin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasını səmərəli tətbiqini tam dəstəklədiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin dəstəyi ilə müxtəlif dillərə tərcümə edilərək nəşr edilən mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların təsirlərindən qorunmasına dair kitab hərbi təhsil müəssisələrində dərsliyə çevrilib.

“Qloballaşmış dünyada dövlətlər arasında multilateralizm, inklüziv əməkdaşlıq keyfiyyətli təhsil, məlumata bərabər giriş, ətraf mühitin müdafiəsi kimi insan həyatının bir çox mühüm sahələrinin reallaşması, eləcə də dinindən, dilindən, irqindən asılı olmayaraq vətəndaşların sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün əsas amillərdir. UNESCO beynəlxalq əməkdaşlıq sahəsində fəal olmalıdır.

Aktual beynəlxalq çağırışlara cavab vermək üçün təşkilatımızın səmərəliliyinin artırılması istiqamətində əsas amillərdən biri islahatlar olmalıdır. Bu islahatlar BMT islahatları prosesinə uyğun olaraq üzv dövlətlərlə sıx məsləhətləşmələr formasında aparılmalıdır”, – deyə R.Həsənov bildirib.

O, təşkilatın büdcəsinin çox məhdud olmasına toxunaraq, onun Konstitusiyasının müəyyən etdiyi kimi öz mandatı üzərinə daha çox diqqət yetirməsinin vacibliyinə toxunub. Bildirib ki, təşkilatın Baş direktorunun irəli sürdüyü strateji transformasiyanın təşkilatı daha da möhkəmləndirəcəyinə inanır.

R.Həsənov ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə digər üzv dövlətlərin Davamlı İnkişaf Məqsədlərinə nail olması üçün səylərini və dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb. Ölkəmizin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsinə, Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsinə toxunub. Ölkəmizdə 2013-cü ildə yaradılmış Etimad Fondu, Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AIDA) haqqında məlumat verib və həyata keçirilən humanitar layihələrdən danışıb.

“Azərbaycan UNESCO-nun dəyərlərinə və ideallarına sadiq qalacaq və təşkilatın nəcib missiyasını dəstəkləməkdə davam edəcək. Düşünürük ki, ideyalar laboratoriyası kimi UNESCO ortaq irsimizin qorunması, müxtəlifliyə hörmət, sülh və mədəniyyətin təşviqi üçün bütün üzv dövlətlərin bir araya gələ biləcəyi əsl çoxtərəfli bir mühit olmalıdır”, – deyə R.Həsənov bildirib.