Sadə tüpürcək nümunəsi ilə aparılan genetik testlər bəzi xərçəng növlərinə irsi meyilliliyi üzə çıxara bilər. Xüsusilə yoğun bağırsaq, uşaqlıq, yumurtalıq, mədə və mədəaltı vəzi xərçəngi riskini artıran Linç sindromunun erkən aşkarlanması ciddi əhəmiyyət daşıyır.
Sonxeber.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Məlumata görə, Linç sindromu daşıyıcılarının bir qismi genetik riskindən xəbərsiz olur. ABŞ-da təxminən 1,2 milyon insanın bu sindromu daşıdığı, onların təxminən 95 faizinin isə vəziyyətindən xəbərdar olmadığı bildirilir.
ABŞ-də yaşayan 40 yaşlı Brays Remsi 33 yaşında üçüncü mərhələ yoğun bağırsaq xərçəngi diaqnozu aldıqdan sonra Linç sindromu daşıyıcısı olduğunu öyrənib. Atasında, qardaşında və xalasında da yoğun bağırsaq xərçənginin aşkarlanması ailəvi genetik riskin əhəmiyyətini ortaya qoyub.
Mütəxəssislər bildirirlər ki, Linç sindromunu müəyyənləşdirmək üçün tüpürcək, yanaq daxili yaxması və ya qan nümunəsi əsasında genetik test aparıla bilər. Riskin erkən aşkarlanması kolonoskopiya kimi müayinələrə daha gənc yaşlarda başlamağa və xəstəliyin qarşısını almaq üçün tədbirlər görməyə imkan yaradır.
Məqalədə Hollivud ulduzu Ancelina Colinin nümunəsi də xatırladılıb. O, 2013-cü ildə süd vəzi və yumurtalıq xərçəngi riskini artıran BRCA1 gen mutasiyasının daşıyıcısı olduğunu açıqlamışdı. Bu açıqlamadan sonra ABŞ-də BRCA genetik testlərinə müraciətlərin 64 faiz artdığı bildirilir.
Mütəxəssislər ailəsində yoğun bağırsaq, uşaqlıq, mədə və digər əlaqəli xərçəng növləri qeydə alınan şəxslərə genetik məsləhət almağı tövsiyə edirlər.



