Turizm şirkətlərinin sosial şəbəkələrdə və müxtəlif platformalarda reklam etdiyi tur paketləri bəzən müştərilərin qarşısına tamamilə fərqli mənzərə çıxarır. Reklamda komfortlu otel, yüksək səviyyəli xidmət, aviabilet, qidalanma və ekskursiyalar vəd edilsə də, ödəniş edildikdən sonra bu şərtlərin heç də hamısının yerinə yetirilmədiyi hallarla rastlaşılır. Bəzi vətəndaşlar vəd edilən xidmətin göstərilməməsindən, bəziləri isə reklamda təqdim olunan qiymət və şərtlərin sonradan dəyişdirilməsindən narazılıq edirlər. Məsələ ilə bağlı diqqətçəkən məqamlardan biri də 2026-cı ilin sentyabrında “Exclusive Travel Baku” MMC ilə bağlı məhkəmə qərarıdır. Şirkətin sosial şəbəkədə yayımladığı reklamda tur paketinin qiymətinə aviabiletin də daxil olduğu göstərilsə də, müştəriyə sonradan biletin paketə daxil olmadığı bildirilib. Nəticədə şirkət reklam qanunvericiliyinin tələblərini pozduğuna görə məhkəmə tərəfindən 1000 manat cərimələnib. Azərbaycan qanunvericiliyində istehlakçıya xidmət haqqında düzgün və dolğun məlumat verilməsi, müqavilə şərtlərinə əməl olunması ilə bağlı konkret tələblər mövcuddur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 13-cü maddəsi də xidmət barədə yanlış və ya natamam məlumat verilməsinə görə istehlakçının müqaviləni ləğv etmək və dəymiş zərərin ödənilməsini tələb etmək hüququnu nəzərdə tutur.
Bəs turizm şirkətləri reklamda vəd etdikləri xidmətləri müştərilərə təqdim etməyə hüquqi baxımdan borcludurlarmı? Reklam edilən otel, qidalanma, nəqliyyat və digər xidmətlər reallıqda fərqli olduqda şirkət hansı məsuliyyəti daşıyır? Vətəndaşlar aldadıldıqlarını düşündükləri halda pullarını geri tələb edə və şirkətdən kompensasiya ala bilərlərmi?
Mövzu ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, son dövrlər reklam olunan məhsul və xidmətlərlə müştərilərə təqdim edilən real xidmətlər arasında müəyyən uyğunsuzluqlar müşahidə olunur. Bu hallar təkcə turizm sektoruna deyil, demək olar ki, bir çox sahələrə aiddir. Reklam hər zaman insanların diqqətini cəlb etmək, məhsula maraq yaratmaq və satış imkanlarını artırmaq üçün istifadə olunan vasitə olub. Lakin reklamın cəlbedici olması ilə yanaşı, təqdim edilən məlumatların reallığı əks etdirməsi də vacibdir.
Turizm sahəsində bəzən süni intellekt vasitəsilə hazırlanmış, reallıqdan xeyli fərqlənən foto və videoların reklam məqsədilə paylaşıldığını görürük. Turistlərə təqdim olunan hotelin, çimərliyin və ya istirahət məkanının şəkilləri ilə onların gedib gördükləri mənzərə arasında ciddi fərqlər yarana bilir. Digər bir problem isə reklamda göstərilən qiymətlərlə sonradan müştəriyə təklif olunan qiymətlərin üst-üstə düşməməsidir. Təbii ki, bu cür hallar istehlakçılarda narazılıq yaradır və ümumilikdə sektora olan etimada mənfi təsir göstərə bilər.
Burada əsas məsələ bütün turizm şirkətlərini eyni yanaşma ilə qiymətləndirmək deyil. Bazarda öz işini peşəkar və məsuliyyətlə quran, müştəri məmnuniyyətini əsas tutan kifayət qədər şirkətlərimiz var. Sadəcə, vətəndaşlarımız reklamda gördükləri hər bir məlumatı dərhal doğru qəbul etməməli, tur məhsulu alarkən diqqətli davranmalıdırlar. Məsləhət görərdim ki, turistlər imkan daxilində turizm şirkətlərinin ofislərinə yaxınlaşaraq əməkdaşlarla canlı ünsiyyət qursunlar, tur paketinin bütün şərtlərini ətraflı öyrənsinlər. Ən vacib məqamlardan biri isə alınan tur məhsulu ilə bağlı mütləq müqavilə tələb etməkdir. Müqavilədə hotelin adı, yerləşmə şəraiti, uçuş məlumatları, transfer, qidalanma, turun qiyməti və digər xidmətlər aydın şəkildə göstərilməlidir. Vətəndaş ödədiyi məbləğin qarşılığında mütləq ödəniş qəbzi də almalıdır.
Unutmamalıyıq ki, müqavilə sadəcə formal sənəd deyil, həm də turistin hüquqlarının qorunması baxımından mühüm təminatdır. Hər hansı anlaşılmazlıq və ya xidmətlə bağlı problem yarandıqda, müqavilənin şərtləri əsasında məsələnin hüquqi müstəvidə həllinə nail olmaq mümkündür. Əsas məqsədimiz həm istehlakçıların hüquqlarının qorunması, həm də turizm bazarında şəffaflığın və qarşılıqlı etimadın gücləndirilməsidir.



