“Aralıqlı oruc” diabetli şəxslərdə qan şəkərinin tənzimlənməsinə kömək edə bilər

ABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, fasiləli aclıq ikinci tip şəkərli diabetin gedişatına müsbət təsir göstərə bilər. Siçanlar üzərində aparılan təcrübədə qidalanma rejiminin dəyişdirilməsi bədən çəkisi azalmadan qan şəkərinin normallaşmasına kömək edib.

Tədqiqatın nəticələri “Molecular Metabolism” elmi jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər yeməklər arasındakı uzun fasilələrin mədəaltı vəzinin insulin istehsal edən beta-hüceyrələrinə təsirini öyrəniblər.

Təcrübədə siçanlar iki qrupa bölünüb. Birinci qrupa az kalorili qida verilib, ikinci qrup isə yağlı qidalarla günaşırı qidalandırılıb. Beş həftə sonra günaşırı qidalanan siçanların qan şəkəri səviyyəsi normallaşıb. Bu müddətdə onların bədən çəkisində ciddi dəyişiklik qeydə alınmayıb.

Alimlərin fikrincə, qidalanma arasındakı uzun fasilələr beta-hüceyrələrə bərpa olunmaq və insulin ehtiyatı toplamaq imkanı verə bilər. Bununla belə, əvvəlki qidalanma rejiminə qayıdılması diabetin yenidən inkişafına səbəb ola bilər.

Tədqiqatçılar vurğulayırlar ki, nəticələr hələlik yalnız heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. Buna görə də onları birbaşa insanlara şamil etmək və fasiləli aclığı diabetin müalicə üsulu hesab etmək olmaz. İnsanlarda bu təsirin təsdiqlənməsi üçün əlavə klinik araşdırmalar tələb olunur.