Bəzi insanlarla söhbət niyə daha yaxşı, bəziləri ilə pis alınır? – Alimlər səbəbini tapdı

İnsanlarla xoş ünsiyyət qurmağın sirri qarşı tərəfin xarakterində və ya yumor hissində deyil, söhbətin ritmində gizlənə bilər.

Bu barədə Fransanın “Science & Vie” elmi-populyar nəşrinin alimlərin araşdırmasına istinadən dərc etdiyi məqalədə bildirilir.

Tədqiqatçılar bir-birini tanımayan insanlar arasında baş tutan 1656 söhbəti təhlil ediblər. Süni intellekt vasitəsilə iştirakçıların nitqləri arasındakı məna əlaqəsi qiymətləndirilib və nəticələr onların ünsiyyətdən aldığı təəssüratlarla müqayisə olunub.

Məlum olub ki, ən xoş söhbətlərin ortaq xüsusiyyəti var: həmsöhbətlər eyni mövzu üzərində həddindən artıq dayanmır, eyni zamanda bir mövzudan digərinə tez-tez keçmirlər.

Alimlər bu hadisəni izah etmək üçün akustikadan götürülmüş “çəhrayı səs-küy” anlayışından istifadə ediblər.

Sürətli tanışlıq görüşlərinin təhlili də maraqlı nəticə ortaya qoyub. Söhbətlərində bu qanunauyğunluq daha aydın müşahidə olunan insanlar ikinci görüşə daha çox razılıq veriblər.

Araşdırma göstərib ki, xoş ünsiyyət qurmaq bacarığı təcrübə ilə də inkişaf edə bilər. İki aparıcının iştirakı ilə yayımlanan podkastların qeydlərinin təhlili zamanı onların söhbətlərinin zaman keçdikcə müəyyən edilmiş qanunauyğunluğa daha çox uyğunlaşdığı üzə çıxıb.

Beləliklə, yaxşı həmsöhbət olmaq üçün hər zaman qarşı tərəflə razılaşmaq və ya qeyri-adi fikirlərlə təəccübləndirmək vacib deyil. Əsas məsələ maraqlı mövzunu nə vaxt davam etdirməyi, nə vaxt isə söhbətə yeni istiqamət verməyi bacarmaqdır.

Çünki uğurlu söhbət insana həm qarşılıqlı anlaşma hissi yaşadır, həm də yeni nələrsə kəşf etmək imkanı verir.