Tikinti materialları bahalaşır, amma mənzil qiymətlərini uçuran əsas amil başqadır – ekspert torpaq bazarındakı vəziyyətə diqqət çəkir
Azərbaycanda tikinti materiallarının qiymətlərində artım davam edir. Bu bahalaşma mənzil və fərdi yaşayış evlərinin inşası xərclərinə də təsir göstərir. Artıq 100 kvadratmetrlik mənzilin tikinti üzrə maya dəyəri 42 min manatı keçib. Təkcə son bir ay ərzində bu ölçüdə mənzilin tikinti xərci 1150 manat artıb. Taxta, çınqıl və digər tikinti materiallarının bahalaşması tikinti sektorunda xərc yükünü daha da artırır.
Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, oktyabr ayında Tikinti İndeksi 113,5-ə yüksəlib. Bahalaşma tamamilə tikinti materiallarının qiymətlərindəki dəyişikliklərlə əlaqəli olub. Əmək və tikinti texnikası xərcləri isə sabit qalıb. İndeksin materiallar üzrə alt göstəricisi 117,8-ə çataraq aylıq 4,6 faiz artım nümayiş etdirib. Əmək indeksi 106,2, maşın-mexanizmlər indeksi isə 103,8 səviyyəsində dəyişməz qalıb. Beləliklə, oktyabr ayında tikinti sektorunda xərc artımının əsas mənbəyi məhz material bazarı olub.
Materialların bahalaşması əsasən taxta, qravil və şebenin qiymət artımı ilə izah olunur. Belə ki, taxtanın bir kubmetrinin qiyməti 380 manatdan 400 manata yüksələrək 5,3 faiz artıb. Qravilin qiyməti 32 manatdan 35 manata qalxıb ki, bu da ay ərzində ən yüksək artım göstəricisidir – 9,4 faiz. Şebenin qiyməti 35 manatdan 36 manata yüksəlib, atsepin qiyməti isə 35 manat səviyyəsində qalıb. Materiallar üzrə ümumi artımın təxminən 46 faizi taxtanın, 41 faizi qravilin, 13 faizi isə şebenin payına düşüb. İndeksdə materialların 65 faizlik çəkisi nəzərə alındıqda, onların bahalaşmasının ümumi göstəriciyə təsiri 3,3 bənd təşkil edib.
Tikinti materiallarının bahalaşması mənzil tikintisinin maya dəyərini artırmaqla yanaşı, daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına da təsir göstərir. Xüsusilə Bakıda mənzil və fərdi yaşayış evlərinin qiymətlərinin əlçatanlıq həddini aşması ev sahibi olmaq istəyənlərin imkanlarını məhdudlaşdırır. Paytaxtda torpaq sahələrinin və daşınmaz əmlakın bahalaşması fonunda vətəndaşlar üçün ev almaq getdikcə daha böyük maliyyə yükünə çevrilir.
Ancaq tikinti xərclərinin artması əmlak bazarındakı bahalaşmanın yeganə səbəbidirmi? Tikinti materiallarının qiymətlərindəki yüksəliş evlərin satış qiymətinə nə dərəcədə təsir edir? Bakıda mənzil və fərdi yaşayış evlərinin qiymət artımını cilovlamaq üçün hansı amillər nəzərə alınmalıdır?
Mövzu ilə bağlı əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a danışıb: “Son illər ölkədə və dünyada müşahidə olunan inflyasiya digər məhsullarda olduğu kimi, tikinti materiallarının qiymətlərinə də təsir göstərib. Həm yerli istehsal, həm də xaricdən idxal olunan tikinti materiallarının satış qiymətlərində artımlar qeydə alınır. Bu isə təbii olaraq tikinti xərclərinin yüksəlməsinə səbəb olur.
Qiymətlərə nəzər saldıqda görürük ki, tikinti materiallarının satış qiymətlərində artım faiz ifadəsində o qədər də yüksək deyil. Lakin tikililərin, xüsusilə də fərdi yaşayış evlərinin bahalaşmasının əsas səbəblərindən biri onların inşa olunduğu torpaq sahələrinin qiymətindəki artımdır.
Məsələn, eyni ölçüdə fərdi yaşayış evi paytaxtın mərkəzində və ölkənin ucqar bölgələrindən birində tikildikdə tikinti xərcləri, demək olar ki, eyni olur. Hətta tikinti materiallarının bölgələrə daşınması xərclərini də nəzərə alsaq, bəzi hallarda tikinti bölgələrdə daha baha başa gələ bilər. Lakin mərkəzi ərazilərdə yerləşən torpaq sahələrinin kəskin bahalaşması həmin ərazilərdə inşa edilən fərdi yaşayış evlərinin satış qiymətinin də artmasına gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, son illərdə tikinti materiallarının qiymətləri orta hesabla 5-15 faiz artıb: “Bu da 100 kvadratmetrlik tikintinin ümumi xərcində təxminən 500 manatdan 1000 manatadək fərq yarada bilər. Ancaq ümumilikdə əmlak bazarında satış qiymətlərinə baxdıqda daha kəskin bahalaşma müşahidə olunur.
Digər tərəfdən, tikinti materialları üzrə seçim imkanları da genişdir. Bazarda aşağı, orta və yüksək keyfiyyətli materiallar mövcuddur və onların satış qiymətləri arasında ciddi fərqlər var. Təbii ki, vətəndaş fərdi yaşayış evi tikərkən materialları həm keyfiyyətinə, həm də büdcəsinə uyğun seçir. Eyni ölçülü və eyni tipli tikili bir şəxs üçün bahalı materiallardan istifadə edildikdə daha yüksək xərcə başa gələ bilər, digər şəxs isə ucuz və ya orta seqmentli materiallardan istifadə etməklə tikintini daha münasib qiymətə başa çatdıra bilər.
Beləliklə, tikinti materiallarının qiymətlərindəki cüzi artım əmlak bazarında müşahidə olunan kəskin bahalaşmanı izah etmir. Əmlak qiymətlərinin ciddi şəkildə yüksəlməsinin əsas səbəbləri torpaq sahələrinin bahalaşması və ümumilikdə daşınmaz əmlak bazarında qiymət artımlarının davam etməsidir”.



