Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir – AÇIQLAMA

Satış zamanı alıcıya kassa çekinin təqdim edilməməsi həm vergi qanunvericiliyinin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur. Xüsusilə, bəzi satıcıların nağd ödəniş zamanı çek verməkdən yayınması vergidən yayınma və satış dövriyyəsinin gizlədilməsi ehtimalını gündəmə gətirir. Qanunvericiliyə görə, pərakəndə ticarətlə məşğul olan sahibkarlar müəyyən istisnalar xaricində nəzarət-kassa aparatı tətbiq etməli və alıcıya ödənişi təsdiqləyən çek təqdim etməlidirlər.

Bəs, satıcı kassa çeki verməkdən imtina etdikdə vətəndaş hara müraciət etməli, şikayətini necə rəsmiləşdirməlidir? Çek təqdim etməyən sahibkarları hansı maliyyə sanksiyaları gözləyir və vergi orqanları bu cür halları aşkar etmək üçün hansı nəzarət mexanizmlərindən istifadə edir?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Vəli Əliyev bildirib ki, vergi orqanlarının müxtəlif nəzarət mexanizmləri mövcuddur. Bu çərçivədə üç növ vergi yoxlaması həyata keçirilir: kameral vergi yoxlaması, operativ vergi nəzarəti və səyyar vergi yoxlaması.

“Operativ vergi nəzarəti zamanı hər hansı alqı-satqı əməliyyatı üzrə ödəniş edildikdən sonra alıcıya çek, yəni kassa qəbzi verilmədiyi müəyyən olunarsa, sahibkara maliyyə sanksiyası tətbiq edilə bilər. Təqvim ili ərzində belə hal ilk dəfə baş verdikdə 1000 manat, ikinci dəfə 3000 manat, üçüncü və sonrakı hallarda isə 6000 manat maliyyə sanksiyası nəzərdə tutulur.

Alıcı isə bu cür hallarla qarşılaşdıqda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya vergi orqanına şikayət edə bilər.

Məsələ yalnız çekin verilməməsi ilə məhdudlaşmır. Tutaq ki, alıcı ödənişi bank kartı vasitəsilə etmək istəyir, lakin sahibkar POS-terminalın işləmədiyini bildirərək kartla ödənişdən imtina edir və yalnız nağd ödəniş tələb edir. Belə hallarda da qanunvericilikdə maliyyə sanksiyaları nəzərdə tutulur. Yəni sahibkarın kartla ödənişi qəbul etməkdən imtina etməsi də müvafiq məsuliyyətə səbəb ola bilər. Beləliklə, həm kassa çekinin verilməməsi, həm də nağdsız ödənişdən imtina qanunvericiliklə tənzimlənir”.