Ortağınız payını satırsa, sizə hansı hüquqlar verilir? – Mülki Məcəllədə yeniliklə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş mühüm əlavələrdən biri korporativ hüquq münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli.Az xəbər verir ki, söhbət korporativ müqavilə (Corporate Agreement / Shareholders’ Agreement) institutunun qanunvericilikdə təsbit edilməsindən gedir.

Məsələni şərh edən hüquqşünas, vəkil Bəhruz Orucov bildirib ki, uzun müddət Azərbaycan qanunvericiliyində şirkət iştirakçılarının və səhmdarların öz aralarındakı münasibətləri, səsvermə qaydalarını, payların özgəninkiləşdirilməsini, idarəetmədə iştirak mexanizmlərini və investisiya münasibətlərini kompleks şəkildə tənzimləyən müstəqil korporativ müqavilə institutu mövcud deyildi:

“Əlbəttə, mülki qanunvericiliyin ümumi müddəaları əsasında müxtəlif müqavilələr bağlamaq mümkün idi. Lakin beynəlxalq korporativ praktikada geniş istifadə edilən səhmdarlar müqaviləsi və MMC iştirakçılarının münasibətlərini tənzimləyən operating agreement kimi mexanizmlərin ayrıca hüquqi çərçivəyə malik olması mühüm üstünlükdür.

Bu baxımdan Mülki Məcəlləyə 65-1-ci – “Korporativ müqavilə” və 65-2-ci – “Payın (səhmin) özgəninkiləşdirilməsi ilə bağlı xüsusi hüquqlar” adlı maddələrin əlavə edilməsini olduqca təqdirəlayiq hesab edirəm.

1. Səhmdarlar müqaviləsi və təsisçilər/iştirakçılar müqaviləsi nədir?

Beynəlxalq korporativ hüquqda şirkətlərin hüquqi formasından asılı olaraq müxtəlif müqavilə mexanizmlərindən istifadə edilir.

Shareholders’ Agreement (Səhmdarlar müqaviləsi) – səhmdar cəmiyyətinin səhmdarları arasında bağlanan və onların şirkətdəki hüquqlarının həyata keçirilməsini, səsvermə davranışını, səhmlərin satılmasını, idarəetmədə iştirakını, dividend siyasətini və digər korporativ münasibətləri tənzimləyən müqavilədir.

Operating Agreement (MMC iştirakçılarının müqaviləsi) – xüsusilə ABŞ hüquq sistemində Limited Liability Company (LLC) iştirakçıları arasında bağlanan, şirkətin daxili idarəetməsini, iştirakçıların hüquq və öhdəliklərini, mənfəətin bölüşdürülməsini və iştirak paylarının özgəninkiləşdirilməsi qaydalarını müəyyən edən müqavilədir.

Burada mühüm hüquqi fərqə diqqət yetirmək lazımdır: ABŞ hüququnda Operating Agreement əsasən LLC-lər üçün nəzərdə tutulduğu halda, Azərbaycan qanunvericiliyində yeni qəbul edilmiş model hər iki hüquqi forma üçün vahid korporativ müqavilə institutunu müəyyən edir.

Beləliklə, yeni 65-1-ci maddə həm MMC iştirakçılarına, həm də səhmdar cəmiyyətlərinin səhmdarlarına bu müqaviləni bağlamaq imkanı verir.

Bu, xüsusilə bir neçə təsisçinin və ya investorun iştirak etdiyi bizneslər üçün əhəmiyyətlidir.

2. Korporativ müqavilə ilə hansı məsələlər tənzimlənə bilər?

Mülki Məcəllənin 65-1.2-ci maddəsi korporativ müqavilənin əhatə dairəsini kifayət qədər geniş müəyyən edir.

Əsas istiqamətləri nəzərdən keçirək:

1. Səsvermə qaydaları

Təsisçilər və səhmdarlar ümumi yığıncaqda müəyyən məsələlər üzrə necə səs verəcəklərini əvvəlcədən razılaşdıra bilərlər.

Məsələn, iki səhmdar arasında razılaşma əldə edilə bilər ki, şirkətin yeni investisiya cəlb etməsi, böyük məbləğdə kredit götürməsi və ya əsas aktivlərini satması yalnız hər iki səhmdarın razılığı ilə mümkün olsun.

2. Payların və səhmlərin özgəninkiləşdirilməsi

Tərəflər iştirak paylarının və səhmlərin hansı şərtlərlə satılacağını, onların qiymətinin necə müəyyən ediləcəyini, hansı hallarda digər iştirakçıların satınalma hüququ əldə edəcəyini razılaşdıra bilərlər.

3. Şirkətin idarə edilməsi

Direktorlar şurasının formalaşdırılması, idarəetmə orqanlarına namizədlərin irəli sürülməsi, onların fəaliyyətinin təşkili və müəyyən qərarların qəbul edilməsi qaydaları müqavilədə əks etdirilə bilər.

4. Vesting mexanizmi

Bu, xüsusilə startaplar və vençur investisiyaları üçün əhəmiyyətlidir.

Məsələn, şirkətin 20 faiz iştirak payına malik olacaq təsisçinin həmin pay üzərində tam mülkiyyət hüququ dərhal deyil, müəyyən müddət ərzində və ya konkret biznes hədəflərinə nail olduqca formalaşa bilər.

Əgər təsisçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, müqavilədə nəzərdə tutulan şərtlərlə onun payının geri alınması mexanizmi tətbiq edilə bilər.

5. Mübahisələrin həlli

Korporativ müqavilədə arbitraj, mübahisələrin həlli proseduru və tətbiq ediləcək hüquq barədə razılaşma nəzərdə tutula bilər.

Xüsusilə xarici investorların iştirak etdiyi şirkətlərdə bu müddəanın praktik əhəmiyyəti böyükdür.

6. İnvestisiyaların istifadəsinə nəzarət

İnvestorun şirkətə qoyduğu vəsaitin hansı istiqamətlərə xərclənəcəyi, maliyyə hesabatlarının təqdim olunması və xərclərə nəzarət mexanizmləri müəyyən edilə bilər.

7. Qorunan məsələlər (Reserved Matters)

Bəzi qərarlar xüsusi əhəmiyyət daşıdığından onların qəbul edilməsi üçün bütün iştirakçıların və ya xüsusi hüquqlara malik iştirakçıların razılığı tələb oluna bilər.

Məsələn:

• Şirkətin fəaliyyət istiqamətinin dəyişdirilməsi;

• Yeni səhmlərin və ya payların buraxılması;

• Böyük məbləğli kreditlərin götürülməsi;

• Şirkətin əsas aktivlərinin satılması;

• Digər şirkətlə birləşmə və ya yenidən təşkil;

• Dividend siyasətinin dəyişdirilməsi.

Bunlar 65-1.2-ci maddədəki müqavilə sərbəstliyinin praktik tətbiq nümunələridir. Təbii ki, bütün müddəalar imperativ qanunvericilik normalarına uyğun olmalıdır.

3. Tag-along, Drag-along və Right of First Refusal – yeni hüquqi mexanizmlər

Mülki Məcəlləyə əlavə edilmiş 65-2-ci maddə beynəlxalq korporativ praktikada geniş istifadə edilən üç mühüm hüquqi mexanizmi Azərbaycan qanunvericiliyində təsbit edir.

Tag-along right – Birgə satış hüququ

Təsəvvür edək ki, şirkətin 70 faiz payına malik olan iştirakçı öz payını üçüncü şəxsə satmaq istəyir. Digər iştirakçının da öz payını eyni qiymət və şərtlərlə həmin alıcıya satmaq hüququ olur.

Bu mexanizm azlıq iştirakçılarının maraqlarını qoruyur.

Drag-along right – Məcburi satış hüququ

Tutaq ki, şirkətin nəzarət payına malik iştirakçı şirkətin bütün paylarının və ya nəzarət zərfinin satışı barədə üçüncü şəxslə razılığa gəlir. Müəyyən edilmiş şərtlər daxilində digər iştirakçıları da öz paylarını eyni qiymət və şərtlərlə satmağa məcbur edə bilər.

Bu mexanizm şirkətin bütövlükdə satışını asanlaşdırır.

Right of First Refusal – İlk imtina hüququ

İştirakçı öz payını üçüncü şəxsə satmaq istədikdə, həmin payı əvvəlcə nizamnamə və ya korporativ müqavilə ilə müəyyən edilmiş kateqoriyaya aid digər iştirakçıya eyni şərtlərlə təklif etməlidir.

Bu mexanizm şirkətə arzuolunmaz üçüncü şəxslərin daxil olmasının qarşısını almağa kömək edir.

Bu hüquqların əhəmiyyəti ondan ibarətdir ki, şirkətin iştirakçıları yalnız öz aralarındakı münasibətləri deyil, gələcəkdə şirkətin səhmlərinin və ya paylarının kimə keçəcəyini də əvvəlcədən müəyyən edə bilirlər.

Qeyd etmək lazımdır ki, 65-2.1.3-cü maddəyə əsasən ilk imtina hüququ açıq səhmdar cəmiyyətlərinə şamil edilmir.

4. Xüsusi hüquqlar: Veto, üstünlük və azlıq iştirakçılarının müdafiəsi

Yeni qanunvericilik yalnız payların satılması məsələsini deyil, həm də investorların iqtisadi və idarəetmə hüquqlarını qoruyan xüsusi mexanizmləri nəzərdə tutur.

Mülki Məcəllənin 65-1.8-ci maddəsi çərçivəsində aşağıdakı hüquqlar müəyyən edilə bilər:

• Liquidation Preference: şirkət ləğv edildikdə və ya müəyyən satış hallarında xüsusi hüquqlu iştirakçıların qoyduqları vəsaiti digər iştirakçılardan əvvəl geri almaq hüququ;

• Anti-dilution Protection: yeni payların və ya səhmlərin daha aşağı qiymətlə yerləşdirilməsi nəticəsində investorun iştirak payının iqtisadi dəyərinin azalmasına qarşı müdafiə;

• Veto Rights: müəyyən mühüm qərarların xüsusi hüquqlu iştirakçının razılığı olmadan qəbul edilməsinin qarşısını almaq hüququ;

• Conversion Rights: imtiyazlı payların və ya səhmlərin müəyyən şərtlərlə adi paylara və ya səhmlərə çevrilməsi;

• Minority Protection: azlıq iştirakçılarının hüquqlarının qorunması, o cümlədən ədalətli bazar qiyməti ilə paylarını satmaq və ya zəmanətli kompensasiya almaq imkanları;

• Enhanced Voting Rights: ümumi yığıncaqda fərqli sayda səslə iştirak etmək və idarəetmə orqanlarının formalaşdırılmasına təsir göstərmək hüququ;

• Pre-emptive Rights: yeni paylar və ya səhmlər buraxıldıqda müəyyən kateqoriyalı iştirakçıların üstünlük hüququ.

Xüsusilə anti-dilution, liquidation preference və veto hüquqları xarici investisiyaların cəlb edilməsi zamanı investorlar üçün mühüm təminat rolunu oynaya bilər.

5. Korporativ müqavilənin forması və hüquqi qüvvəsi

Yeni institutun praktik tətbiqi baxımından 65-1.3-65-1.7-ci maddələrin müddəaları xüsusi diqqətə layiqdir.

Qanunvericilik aşağıdakı tələbləri müəyyən edir:

Yazılı forma: Korporativ müqavilə yazılı formada bağlanmalı və möhürlə təsdiqlənməlidir. Müqavilənin notariat qaydasında təsdiqi tələb olunmur.

15 günlük məlumatlandırma müddəti: Müqavilə tərəfləri müqavilənin bağlanmasından sonra 15 gündən gec olmayaraq şirkəti bu barədə yazılı şəkildə məlumatlandırmalıdırlar.

Müqavilənin hüquqi qüvvəsi: Müqavilənin müddəaları, bir qayda olaraq, onu imzalamış tərəflər üçün məcburidir. Nizamnamə ilə ziddiyyət yarandıqda, qanunvericiliyin tələbləri və üçüncü şəxslərin hüquqları qorunmaq şərtilə, tərəflər arasındakı daxili münasibətlərdə korporativ müqavilənin müddəaları üstün tutulur. Şirkət və üçüncü şəxslərlə münasibətlərdə isə nizamnamənin müddəaları tətbiq edilir (tərəflərdən birinin şirkətin özü olduğu hallar istisna olmaqla).

Öhdəliklərin pozulmasına görə məsuliyyət: Tərəflər dəbbə pulu, girov, zaminlik, zərərin ödənilməsi, cərimə və öhdəliyin naturada icrası kimi təminat və məsuliyyət mexanizmlərini nəzərdə tuta bilərlər.

Müqavilənin davamlılığı: Müqavilə tərəflərindən birinin payına və ya səhminə olan hüququna xitam verilməsi, yaxud müqavilədən çıxması, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, digər tərəflər üçün müqavilənin qüvvədən düşməsi demək deyil.

Bu müddəalar korporativ müqavilənin sadəcə niyyət protokolu və ya tərəflər arasında qeyri-formal razılaşma olmadığını, konkret hüquqi nəticələr yaradan mülki-hüquqi müqavilə olduğunu göstərir.

6. Xarici investorlar üçün mühüm yenilik: Xarici hüququn seçilməsi

Mənim fikrimcə, yeni tənzimləmənin ən maraqlı müddəalarından biri Mülki Məcəllənin 65-1.9-cu maddəsidir.

Həmin maddəyə əsasən, korporativ müqavilənin tərəfləri Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidenti olmalarından asılı olmayaraq, aralarında yaranacaq mübahisələrin həlli ilə bağlı xarici dövlətin hüququnun tətbiq edilməsi barədə razılığa gələ bilərlər.

Bu, xüsusilə beynəlxalq investisiya layihələri üçün əhəmiyyətlidir.

Məsələn, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş MMC-nin iştirakçıları arasında xarici investor da varsa, onlar korporativ müqavilədə müəyyən mübahisələrə İngiltərə və Uels hüququnun və ya başqa dövlətin hüququnun tətbiq olunması barədə razılığa gələ bilərlər.

Beləliklə, Azərbaycan qanunvericiliyi xarici investorların beynəlxalq korporativ təcrübədə tanış olduqları müqavilə mexanizmlərindən istifadə etməsinə daha geniş imkan yaradır.

Bununla belə, xarici hüququn seçilməsi Azərbaycan Respublikasının imperativ normalarını, hüquqi şəxsin qeydiyyat və korporativ quruluşuna dair məcburi tələbləri, habelə üçüncü şəxslərin hüquqlarını avtomatik olaraq aradan qaldırmır. Həmçinin arbitraj razılaşması ilə tətbiq ediləcək maddi hüququn seçilməsi fərqli hüquqi məsələlərdir.

7. Yeni institutun biznes mühiti üçün əhəmiyyəti

Bu dəyişikliklərin əhəmiyyətini yalnız yeni iki maddənin Mülki Məcəlləyə əlavə edilməsi ilə məhdudlaşdırmaq düzgün olmazdı.

Əslində, söhbət Azərbaycan korporativ hüququnun investisiya münasibətlərinin müasir tələblərinə uyğunlaşdırılmasından gedir.

Yeni mexanizmlər aşağıdakı məsələlərdə mühüm rol oynaya bilər:

1. Startapların inkişafı: Təsisçilər arasında pay bölgüsü, vesting, investorların hüquqları və şirkətdən çıxış mexanizmləri əvvəlcədən müəyyən edilə bilər.

2. Xarici investisiyalar: İnvestorlar öz vəsaitlərinin istifadəsinə nəzarət, veto hüququ, anti-dilution və liquidation preference kimi təminatlar əldə edə bilərlər.

3. Ailə biznesləri: Ailə üzvləri arasında payların ötürülməsi, idarəetmədə iştirak və gələcək nəsillərə keçid şərtləri razılaşdırıla bilər.

4. Birgə müəssisələr (Joint Ventures): Müxtəlif investorların şirkətin idarə edilməsində iştirak qaydaları, səlahiyyət bölgüsü və mübahisələrin həlli mexanizmləri müəyyən edilə bilər.

5. Korporativ mübahisələrin qarşısının alınması: Təsisçilər arasında gələcəkdə yarana biləcək fikir ayrılıqlarının həlli üçün əvvəlcədən hüquqi mexanizmlər yaradılar.

Digər tərəfdən, korporativ müqavilənin mövcudluğu şirkətin nizamnaməsinin əhəmiyyətini azaltmır. Əksinə, nizamnamə və korporativ müqavilə bir-birini tamamlayan hüquqi sənədlər kimi hazırlanmalıdır. Xüsusilə üçüncü şəxslərə münasibətdə nizamnamənin hüquqi əhəmiyyəti nəzərə alınmalıdır.

8. Qarşıda hansı hüquqi məsələlər dayanır?

Yeni institutun tətbiqi zamanı bəzi məsələlərə xüsusi diqqət yetirilməlidir.

İlk növbədə, korporativ müqavilənin müddəaları ilə şirkətin nizamnaməsi arasında uyğunluq təmin edilməlidir. Tərəflər arasında müqavilə ilə müəyyən edilmiş razılaşmanın üçüncü şəxslərə münasibətdə avtomatik hüquqi nəticə yaratmadığı nəzərə alınmalıdır.

İkincisi, müqavilədə Tag-along, Drag-along, Veto, Anti-dilution və digər mexanizmlərin yalnız adlarının göstərilməsi kifayət deyil. Onların tətbiq şərtləri, müddətləri, qiymətləndirmə metodologiyası, bildiriş prosedurları və pozulmasına görə məsuliyyət konkret şəkildə müəyyən edilməlidir.

Üçüncüsü, xüsusilə azlıq iştirakçılarının müdafiəsi ilə bağlı müddəalar elə hazırlanmalıdır ki, onlar formal hüquq olaraq qalmasın, real mübahisə zamanı icra edilə bilsin.

Nəhayət, korporativ müqavilələrin məhkəmə və arbitraj təcrübəsində necə tətbiq olunacağı da gələcəkdə bu institutun effektivliyini müəyyən edən əsas amillərdən biri olacaq.

Nəticə

Mən hesab edirəm ki, Mülki Məcəlləyə 65-1 və 65-2-ci maddələrin əlavə edilməsi Azərbaycan korporativ hüququnun inkişafında mühüm addımdır.

İndiyədək şirkət təsisçiləri və səhmdarlar arasında münasibətlərin əhəmiyyətli hissəsi nizamnamə və ümumi mülki-hüquqi müqavilələr vasitəsilə tənzimlənirdi. Yeni dəyişiklik isə korporativ münasibətlərin özünəməxsus xüsusiyyətlərini nəzərə alan daha çevik və beynəlxalq praktikaya uyğun hüquqi mexanizmlər yaradır.

Xüsusilə, Shareholders’ Agreement, Operating Agreement, Tag-along, Drag-along, Anti-dilution, Vesting və Veto Rights kimi anlayışların Azərbaycan korporativ hüququnda hüquqi əsas əldə etməsi investisiya mühitinin inkişafı baxımından müsbət haldır.

Lakin əsas məsələ bundan sonra həmin müqavilələrin necə hazırlanacağı və tətbiq ediləcəyidir. Çünki yaxşı hazırlanmış korporativ müqavilə yalnız tərəflərin hüquqlarını müəyyən etmir, həm də gələcək korporativ mübahisələrin qarşısını alan mühüm hüquqi təminat rolunu oynayır”.

Vəkil qeyd edib ki, müasir biznesdə şirkətin nizamnaməsinin olması kifayət deyil. Təsisçilər və investorlar arasında münasibətlərin peşəkar şəkildə tənzimlənməsi də ən azı nizamnamə qədər vacibdir.