2027-ci ildən taksi sürücüləri üçün yeni vergi qaydası tətbiq olunacaq. Yeni dəyişikliklə sürücülər sabit 18 manat deyil, aylıq dövriyyələrinin 1 faizi həcmində vergi ödəyəcəklər. Verginin hesablanması və ödənilməsi isə taksi operatorları tərəfindən həyata keçiriləcək.
Yeni qayda taksi sürücülərinin gəlirlərinə, gedişhaqlarına və nəticədə sərnişinlərin xərclərinə necə təsir edəcək?
Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, burada sadə formul var:
“Yeni layihədən görünür ki, çox qazanan 18 manat, az qazanan isə daha az ödəyəcək. Elə sürücü var, məsələn, 8, 10, 15 manat ödəyə bilər. Çünki bu hesablaşma onun gəlirinə uyğun aparılacaq.
Taksi operatorları ilə Dövlət Vergi Xidməti arasında bu məsələlər yəqin ki, müzakirə olunub. Standart məlumdur: taksi sürücüləri aşağı və yuxarı həddə nə qədər qazanırlar? Ən aşağı məbləğ nə qədərdir, ən yuxarı nə qədərdir? Yəqin ki, buna uyğun olaraq orta rəqəm götürülüb: 1 faiz. Bu da ümumilikdə o deməkdir ki, istənilən halda taksi sürücüsünün ödəyəcəyi məbləğ aylıq 18 manatı keçməyəcək. Amma az qazananlar artıq 18 manat ödəməyəcəklər. Bax, bu, həmin insanlar üçün faydalı olacaq”.



