“Qiymətləndirmədə bildirilir ki, kampaniyanın məqsədlərindən biri Fransa rəhbərliyini zəif və getdikcə avtoritarlaşan hakimiyyət kimi təqdim etmək, cəmiyyətdə qorxu və parçalanma yaratmaq, eləcə də Avropanın Ukraynaya dəstəyini zəiflətmək olub…”
Fransada ötən ay baş verən kütləvi etiraz və iğtişaşlardan Rusiyaya bağlı gizli informasiya şəbəkəsi sosial şəbəkələrdə dezinformasiya yaymaq və ölkədəki siyasi gərginliyi artırmaq məqsədilə istifadə etməyə çalışıb.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa İttifaqının (Aİ) daxili qiymətləndirmə sənədinə istinadla məlumat yayıb.
Sənədə əsasən, 2023-cü ilin sentyabrından fəaliyyət göstərən “Operation Overload” adlı şəbəkə Qərb mediasının və xəbər qurumlarının adından saxta videolar hazırlayaraq Fransa auditoriyasına təqdim edib. Həmin materiallarda guya miqrantların etirazçılara təcavüz etdiyi, terror hücumlarının gözlənildiyi barədə həqiqətə uyğun olmayan iddialar yer alıb.
Aİ-nin qiymətləndirməsində bildirilir ki, kampaniyanın məqsədlərindən biri Fransa rəhbərliyini zəif və getdikcə avtoritarlaşan hakimiyyət kimi təqdim etmək, cəmiyyətdə qorxu və parçalanma yaratmaq, eləcə də Avropanın Ukraynaya dəstəyini zəiflətmək olub.
Sənəddə xüsusi vurğulanır ki, Moskvanın və ya digər xarici qüvvələrin Fransadakı etirazları təşkil etməsinə və ya onların miqyasını artırmasına dair sübut aşkarlanmayıb. Söhbət mövcud iğtişaşlardan fürsətçi şəkildə informasiya müharibəsi məqsədilə istifadə edilməsindən gedir.
Maraqlıdır ki, Fransa Xarici İşlər Nazirliyinin ayrıca qiymətləndirməsində İsraillə və ABŞ-dakı “MAGA” hərəkatı ilə əlaqəli sosial şəbəkə hesablarının da etirazlar ətrafında “düşmən narrativləri” yaydığı bildirilir.
Nazirliyin məlumatına görə, oktyabrın 16-18-də “X” platformasında rusiyayönlü hesabların iğtişaşlarla bağlı ən çox baxış toplayan 10 paylaşımı 2,8 milyon baxış əldə edib. “MAGA” ilə əlaqəli hesabların analoji paylaşımları 49 milyondan, İsraillə əlaqəli hesabların paylaşımları isə 35 milyondan çox baxış toplayıb.
Böyük Britaniyada yerləşən Strateji Dialoq İnstitutu (ISD) da “Operation Overload” şəbəkəsinin saxta media materialları, süni intellekt vasitəsilə yaradılmış ekspert səsləri, saxtalaşdırılmış qəzet başlıqları və manipulyasiya olunmuş görüntülərdən istifadə etdiyini qeyd edib.
“Reuters” agentliyi həm Aİ, həm də Fransa Xarici İşlər Nazirliyinin hesabatlarındakı iddiaları müstəqil şəkildə yoxlaya bilmədiyini bildirib.



