Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? – İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, pensiya artımlarında diferensial yanaşma tətbiq ediləcək. Yeni mexanizmə görə, pensiyanın məbləğindən asılı olaraq indeksləşdirmə zamanı fərqli əmsallardan istifadə olunacaq. Bu isə o deməkdir ki, bütün pensiyaçılar eyni qaydada artım əldə etməyəcəklər. Bəs yeni dəyişikliklər kimlərin pensiyasına necə təsir edəcək?

Aşağı məbləğdə pensiya alanlar daha çox artım əldə edəcəklərmi? Yeni mexanizm pensiyaçılar arasında sosial bərabərsizliyi azaltmağa imkan verəcəkmi?
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirdi ki, Milli Məclisdə qəbul olunan və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliyə görə pensiyaların indeksləşdirilməsində diferensial yanaşma tətbiq ediləcək. Hazırda bütün pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə, yəni ölkə üzrə orta aylıq əməkhaqqının illik artım faizinə uyğun artırılır. Yeni qaydaya görə isə ölkə üzrə orta aylıq əməkhaqqına qədər olan hissə tam indeksləşdiriləcək. Orta aylıq əməkhaqdan yuxarı olan hissəyə isə 0,2-dən 0,5-ə qədər azaldıcı əmsallar tətbiq ediləcək.

Məsələn, orta aylıq əməkhaqqı 1176 manatdırsa, pensiyası 1000 manat olan şəxsin pensiyası tam faizlə artacaq. Pensiyası 2000 manat olan şəxsin isə 1176 manata qədər olan hissəsi tam, 1176 manatdan yuxarı olan 824 manatlıq hissəsi isə azaldılmış əmsalla artacaq. Rəsmi məlumata görə pensiyaçıların 90 faizdən çoxunun pensiyası orta maaşa çatmadığı üçün onlar üçün dəyişiklik olmayacaq və artım əvvəlki qaydada tam tətbiq ediləcək. Bu mexanizm bütün növ əmək pensiyalarına, yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalara şamil ediləcək. Məqsəd aşağı pensiya alanların artımının yüksək pensiya alanlarla müqayisədə daha ədalətli qorunması və pensiya fondunun dayanıqlılığının təmin edilməsidir.