Bu zolaqlardan istifadə edə bilməzsiniz – CƏRİMƏSİ VAR

Son vaxtlar Bakıda velosiped zolaqlarının motosiklet və moped sürücüləri tərəfindən istifadə olunması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paylaşılan görüntülərdə kuryerlərin və digər motosiklet sürücülərinin velosipedlər üçün ayrılmış zolaqlarla hərəkət etdiyi görünür. Bu isə velosipedçilərin təhlükəsizliyi ilə bağlı suallar yaradır.

Bəs motosiklet və mopedlərin bu zolaqlardan istifadə etməsinə icazə verilirmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev velosiped zolaqlarının velosiped və skuterlər üçün ayrıldığını, motosiklet və mopedlərin burada hərəkət edə bilməyəcəyini bildirib: 

“Velosiped zolaqları velosiped və skuterlərin hərəkəti üçün nəzərdə tutulub. Burada əsas prinsip nəqliyyat vasitələrinin hərəkət sürətinə görə bir-birindən ayrılmasıdır. Belə ki, piyadalar səkidə hərəkət edir və onların orta sürəti saatda təxminən 3-5 kilometr təşkil edir. Velosiped və skuterlərin sürəti isə saatda 15-25 kilometr civarındadır. Avtomobillərin sürəti isə bundan xeyli yüksəkdir və saatda 30, 50, 60, 100 kilometr və daha artıq ola bilər.

Hərəkət iştirakçılarının sürətləri fərqli olduğuna görə, onların toqquşmasının və bir-birinə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə hərəkət axınları ayrılır. Məhz buna görə avtomobil yolunda piyadaların hərəkəti, velosiped zolağında avtomobil və motosikletlərin, eləcə də səkidə velosiped və skuterlərin hərəkəti qadağandır. Bunlar qanunvericiliklə müəyyən edilmiş qaydalardır”.

Ekspert qeyd edib ki, bu tələblərin pozulması cərimələrə, ciddi qəzalara, xəsarətlərə, hətta ölüm hallarına səbəb ola bilər:

“Təəssüf ki, bu cür qaydaların pozulması nəticəsində toqquşmalar baş verir, insanlar xəsarət alır, hətta həyatını itirənlər də olur. Buna görə də hərəkət iştirakçılarının hansı ərazidə və hansı nəqliyyat vasitəsi ilə hərəkət edə biləcəyi qaydalarla dəqiq müəyyənləşdirilib. Qeyd etdiyiniz hallar yolverilməzdir. Velosiped zolağında piyadaların gəzməsi, motosiklet və mopedlərin hərəkət etməsi düzgün deyil və qanunla qadağandır, cəriməsi var.

İnfrastruktur baxımından isə məqsəd müxtəlif hərəkət iştirakçıları üçün ayrı-ayrı zolaqların yaradılmasıdır. Bu, onların təhlükəsiz və rahat şəkildə hərəkət etməsinə, eləcə də yollarda mümkün toqquşmaların qarşısının alınmasına xidmət edir”.