Kartof gündəlik qida rasionunda geniş yer tutan məhsullardan biridir. Lakin satışda olan kartofların tərkibində gübrə qalıqlarının normadan artıq olması ilə bağlı narahatlıqlar istehlakçıların diqqətini bu məhsulun təhlükəsizliyinə yönəldir.
Bəs insanlar kartof alarkən onun keyfiyyətini necə müəyyən edə, hansı əlamətlərə diqqət yetirməli və sağlamlıqları üçün mümkün risklərdən necə qoruna bilərlər?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov açıqlamasında bildirdi ki, kartof alarkən istehlakçılar ilk növbədə məhsulun xarici görünüşünə, saxlanma şəraitinə və satış yerinin etibarlılığına diqqət yetirməlidirlər. Lakin vacib məqam odur ki, kartofun görünüşünə, rənginə və ölçüsünə əsasən onun yetişdirilməsi zamanı həddindən artıq gübrədən istifadə edildiyini dəqiq müəyyən etmək mümkün deyil. Bunun üçün laborator müayinələr aparılmalıdır. Vətəndaşlar kartof alarkən üzərində çürümə, kif, zədələnmə və yaşıl rəngə çevrilmiş sahələr olan məhsullardan uzaq durmalıdırlar. Xüsusilə yaşıllaşmış kartoflarda təbii toksin olan qlikoalkaloidlərin, o cümlədən solaninin miqdarı arta bilər. Belə kartofların yaşıl hissəsini kəsməklə kifayətlənmək əvəzinə, onları istehlak etməmək daha təhlükəsizdir. Cücərmiş və büzüşmüş kartoflara da xüsusi diqqət yetirilməlidir.
Kartofun ölçüsünün böyük olması və ya formasının qeyri-adi görünməsi onun mütləq çox gübrə ilə yetişdirildiyini göstərmir. Gübrələrin normadan artıq istifadəsi məhsulda nitratların toplanmasına səbəb ola bilər, lakin bunu yalnız laborator analizlə müəyyən etmək mümkündür. Buna görə də istehlakçılar mənşəyi məlum olan, etibarlı satış məntəqələrindən alınan məhsullara üstünlük verməlidirlər.
Kartofu istifadə etməzdən əvvəl axar su altında yaxşı yumaq, sərin, quru və qaranlıq yerdə saxlamaq lazımdır. Bununla yanaşı, yuma və bişirmə bütün kimyəvi çirkləndiriciləri aradan qaldırmır.
Əsas məsələ istehlakçıların yalnız xarici görünüşə əsaslanaraq qərar verməməsi, məhsulun mənşəyinə və təhlükəsizliyinə diqqət yetirməsidir. Bazarda gübrələrin normadan artıq istifadəsi ilə bağlı şübhələr varsa, aidiyyəti qurumlar tərəfindən nümunələr götürülərək laborator müayinələrin aparılması və nəticələrə uyğun tədbirlərin görülməsi vacibdir.
Sağlam qidalanaraq sağlam yaşayın!



