“Ulduzun külündən” yaranan planet kəşf edildi – Alimlər heyrətə gəldi

Astronomlar ölü bir ulduzun ətrafında formalaşdığı ehtimal edilən, əvvəllər məlum olmayan yeni tip ekzoplanet aşkar ediblər. Təxminən 270 işıq ili uzaqlıqda yerləşən bu planet ağ cırtdan HS 0209+0832-nin ətrafında dövr edir.

Bu barədə “Live Science” nəşri məlumat yayıb.

HS 0209+0832 qırmızı nəhəng mərhələsindən sonra geridə qalan, çox sıx və kompakt ağ cırtdandır. Alimlərin apardığı analizlər zamanı onun atmosferində sink, mis və xüsusilə niobium kimi ağır elementlərin qeyri-adi dərəcədə yüksək miqdarda olduğu müəyyənləşib.

Niobiumun ağ cırtdanlarda daha əvvəl müşahidə edilməməsi tədqiqatçıların diqqətini xüsusilə cəlb edib. Alimlər hesab edirlər ki, bu elementlər ulduzun qırmızı nəhəng olduğu dövrdə onun daxilində yaranıb və ulduz ölərkən kosmosa atılan maddənin tərkibinə daxil olub.

Mütəxəssislərin fikrincə, həmin maddə sonradan yeni planetin formalaşması üçün “tikinti materialına” çevrilə bilər. Belə planetlər “ikinci nəsil planetlər” adlandırılır. Onlar ulduzun ilkin planet sistemi ilə birlikdə deyil, ulduzun həyatının son mərhələsində atdığı maddələrdən yaranır.

Sonrakı müşahidələr ağ cırtdanın parlaqlığında müntəzəm dəyişikliklər olduğunu göstərib. Bu dəyişikliklər onun qarşısından planet ölçüsündə obyektin keçməsi ilə izah olunur. Hesablamalara əsasən, planet təxminən yupiter ölçüsündədir və ağ cırtdanın ətrafında cəmi 4,4 günə bir tam dövr edir.

Planetin ulduza son dərəcə yaxın yerləşməsi isə onun üçün ciddi nəticələr yaradır. Güclü radiasiya planetin atmosferini tədricən aşındıra bilər. Tədqiqatçılar ağ cırtdanın atmosferində aşkar edilən ağır elementlərin bir hissəsinin məhz planetdən ayrılan maddələrdən qaynaqlana biləcəyini düşünürlər.

Sistemdəki kimyəvi elementlərin nisbəti qırmızı nəhənglərin dərinliklərində baş verən s-prosesi ilə də uyğunluq təşkil edir. Bu isə planetin ulduzun ölümündən sonra kosmosa atılmış materialdan əmələ gəlməsi ehtimalını gücləndirir.

İkinci nəsil planetlərin pulsarlar kimi digər ulduz qalıqlarının ətrafında mövcud olduğu daha əvvəl məlum idi. Lakin alimlərin fikrincə, ağ cırtdanın ətrafında belə bir planetin aşkar edilməsi ilk dəfədir. Kəşf ulduzların ölümündən sonra planet sistemlərinin necə yenidən formalaşa biləcəyinə dair yeni məlumatlar verə bilər.