Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifarişi əsasında təhsilə keçib. Bəs dövlət hesabına oxumaq imkanı olduğu halda bəzi yerlər niyə boş qalır?
Tələbələri ödənişli təhsilə yönəldən əsas səbəblər nələrdir və universitetlərin təqdim etdiyi ixtisaslar gənclərin seçimləri ilə nə dərəcədə üst-üstə düşür?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca açıqlamasında bildirdi ki, universitetlərdə dövlət sifarişli yerlərin boş qalması və tələbələrin bəzən ödənişli təhsilə üstünlük verməsi ilk baxışda təəccüblü görünə bilər, lakin bunun arxasında tamamilə praktiki və iqtisadi hesablamalar dayanır. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasında ən mühüm amillərdən biri coğrafi yerləşmədir: “Dövlət sifarişli yerlərin bir hissəsi regional universitetlərin payına düşür. Bakıda yaşayan və ya başqa rayona köçmək imkanı olmayan abituriyent üçün regionda pulsuz oxumaq, elə paytaxtda ödənişli oxumaqdan daha baha başa gələ bilir. Kirayə mənzil, nəqliyyat və günlük yaşayış xərcləri toplandıqda, ailələr öz şəhərlərindəki universitetin ödənişli yerini seçməyi maliyyə baxımından daha əlverişli sayırlar. Digər tərəfdən, universitetin nüfuzu və təhsilin keyfiyyəti də həlledici rol oynayır. Gənclər üçün təkcə diplomanın pulsuz olması deyil, həmin diplomanın əmək bazarındakı çəkisi və təhsil müəssisəsinin təqdim etdiyi imkanlar vacibdir. Nüfuzlu bir ali məktəbdə ödənişli təhsil almaq, infrastrukturu və ya xarici əlaqələri zəif olan bir universitetdə pulsuz oxumaqdan daha perspektivli addım kimi dəyərləndirilir. Bununla yanaşı, gələcək karyera imkanları da seçimlərə birbaşa təsir edir. Abituriyentlər gələcəkdə yüksək gəlir gətirəcək və tələbatlı ixtisaslarda ödənişli oxumağı, perspektivi dumanlı görünen ixtisaslarda pulsuz oxumaqdan üstün tuturlar.

Böyük şəhərlərin təklif etdiyi təcrübə və iş imkanları da tələbələrin ödənişli yerləri seçməsinə təkan verir. Paytaxtda oxuyan tələbə dərslə paralel olaraq müxtəlif şirkətlərdə təcrübə keçə, şəbəkə qura və iş həyatına daha tez atıla bilir. Son olaraq, ixtisas seçimi zamanı aparılan strategiya və keçid ballarının paylanması da dövlət sifarişli yerlərin boş qalmasına gətirib çıxarır. Nəticə etibarilə, müasir abituriyent və onun ailəsi təhsilə sadəcə pulsuz diplom almaq fürsəti kimi deyil, gələcəyə yatırılan uzunmüddətli və mənfəətli bir sərmayə kimi baxır”.



